Moskva, ABŞ və Ukrayna nümayəndə heyətlərinin Cenevrədə apardığı danışıqların nəticəsi olaraq Vaşinqtonun hazırladığı sülh planının əsas parametrlərini əldə edib. Sherg.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Putin daha əvvəl bəyan etmişdi ki, təqdim edilən təkliflər münaqişənin həlli üçün baza ola bilər.
Peskovun sözlərinə görə, Cenevrədə ABŞ, Ukrayna və Aİ nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlardan sonra sülh planının əsas müddəaları Rusiya tərəfinə təqdim olunub.
“Əsas parametrlər bizə ötürüldü. Gələn həftə Moskvada bu mövzuda danışıq olacaq”, - deyə Peskov jurnalistlərə bildirib.
Bir gün əvvəl Vladimir Putin də təsdiqləmişdi ki, Cenevrə danışıqları nəticəsində formalaşan sənəd Rusiya tərəfinə təqdim olunub.
“Onlar öz aralarında qərara alıblar ki, bütün 28 bəndi dörd ayrı hissəyə bölmək lazımdır. Bizə bütün bu material təqdim edilib”.
Putin həmçinin qeyd edib ki, Ukraynanın hazırkı rəhbərliyi legitim deyil və bu səbəbdən Kiyevlə hər hansı saziş imzalamağın mənası yoxdur. O bildirib ki, Moskvanın əsas istəyi qərarlarının “beynəlxalq oyunçular” tərəfindən tanınmasıdır.
Peskov isə sualı cavablandırarkən deyib ki, söhbətin BMT-dən, yoxsa ayrı-ayrı ölkələrdən getdiyi danışıqlar zamanı müəyyənləşdiriləcək:
“Biz qabağa qaçmaq və müzakirəni ictimai müstəviyə çıxarmaq istəmirik”.
Putinin Ukrayna ilə sazişin imzalanmasının mənasız olduğu fikrinin Rusiyanın belə bir sazişi artıq tələb etməyəcəyi anlamına gəlib-gəlməməsinə dair suala Peskov belə cavab verib:
“Prezident Ukraynada faktiki yaranmış vəziyyətdən danışırdı. Zelenskinin legitimlik problemi mövcuddur. Amma buna baxmayaraq, hamıda prosesi sülh yoluna yönəltmək arzusu və üstünlüyü var”.