Elxan Şahinoğlu: Minskin KTMT-yə müraciəti təşkilatı növbəti böhranla üz-üzə qoyacaq
"Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq? Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar".
Bunu Sherg.az-a politoloq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyatı yoxdur:
"İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu isə KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar".
Analitik söyləyib ki, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:
"Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır".