Macarıstan XİN: Orban hakimiyyətdə olduğu müddətdə Ukrayna Aİ-yə daxil olmayacaq

Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökuməti növbəti dörd il ərzində də hakimiyyətdə qalmağı hədəfləyir. Rəsmi Budapeşt bu müddət ərzində Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına imkan verməyəcəyini, bu ölkəyə hərbi yardım göstərməyəcəyini və macar əsgərlərini oraya göndərməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən "Sülh yürüşü"ndən sonra baş tutan müharibə əleyhinə mitinqdə çıxışı zamanı bildirib.

Nazir ölkənin hazırkı siyasi kursunun dəyişməz qalacağını vurğulayıb:

"Viktor Orban Baş nazir postunda olduğu müddətcə macarıstanlı gənclər Ukrayna cəbhəsinə göndərilməyəcək. Nə qədər ki, o, bu vəzifəni tutur, Macarıstanın vəsaitləri Ukraynaya ötürülməyəcək. Və Ukrayna heç vaxt Avropa İttifaqına daxil olmayacaq".

Siyarto qeyd edib ki, Aİ rəhbərliyi və Almaniya başda olmaqla Qərbi Avropanın aparıcı dövlətləri Ukraynanı birliyə qəbul etməyə və "avropalıların pullarını ukraynalılara verməyə" çalışırlar.

"Biz buna 'yox' deyirik, çünki bu, Macarıstan xalqının maraqlarına ziddir", — deyə nazir vurğulayıb.