İspaniyanın paytaxtı Madriddə on minlərlə insan solçu hökumətin başçısı, baş nazir Pedro Sançesin istefasını tələb edən etiraza qatılıb. Aksiya iştirakçıları hökuməti korrupsiyada ittiham ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Etiraz aksiyasına müxalifət lideri, mühafizəkar Xalq Partiyasının rəhbəri Alberto Nunes Feixoo çağırış edib. Mitinq ölkə paytaxtının mərkəzində keçirilib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyada təxminən 40 min nəfər iştirak edib. Mühafizəkarlar isə iştirakçıların sayının iki dəfə çox olduğunu bildiriblər.
Bu miqyasda Sançesə qarşı son etiraz bu ilin iyun ayında da Madrid şəhərində baş tutmuşdu.
Yeni etirazın əsas səbəbi sabiq nəqliyyat nazirinin, Sançesin yaxın silahdaşı Xose Luis Abalosun və onun keçmiş müşaviri Koldo Qarsiyanın korrupsiya ittihamı ilə üzləşməsi olub. Onlar pandemiyanın əvvəlində qoruyucu maskaların alınması ilə bağlı qalmaqallı dövlət sifarişi işi üzrə ittiham edilirlər.
İspaniyada növbəti parlament seçkiləri 2027-ci ilin ikinci yarısına planlaşdırılıb. Bununla belə, müxalifət hakimiyyəti istefaya getməyə və növbədənkənar seçkilər təyin etməyə çağırır. Qeyd olunur ki, Feixoonun rəhbərlik etdiyi partiyanın özü də korrupsiya ittihamları ilə üzləşib.