Marko Curiç: Serbiya Avropada mövcud problemlərin həllinin bir hissəsidir

Serbiya regionda və Avropada mövcud problemlərin həllinin bir hissəsidir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiyanın xarici işlər naziri Marko Curiç Mərkəzi Avropa Təşəbbüsünün (CEI) 30 illiyinə həsr olunmuş görüşdə jurnalistlərə açıqlama verərkən deyib.

O qeyd edib ki, Avropanın bu gün hər zamankından daha çox əməkdaşlığa və daha güclü əlaqələrə ehtiyacı var.

"Serbiya, həqiqətən də, həllin bir hissəsidir. O, təkcə region iqtisadiyyatının 53 faizini təşkil etmir, həm də 8 ölkə ilə sərhədlərə malik olması və malların, insanların, kapitalın və xidmətlərin sərbəst hərəkəti üçün sərhədlərin açılmasına maraq göstərməsi baxımından bütün regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir",-deyə o bildirib.

M.Curiç diqqətə çatdırıb ki, nazirlər səviyyəsində keçirilən görüşdə Serbiyanın marağının Şengen məkanının və ümumi iqtisadi zonanın bir hissəsinə çevrilmək olduğunu vurğulayıb.