ABŞ-nin dövlət katibi Marko Rubio ölkənin arxiv müdirinin səlahiyyətlərinin icraçısı vəzifəsini tərk edib. O, bu vəzifəni təxminən bir il idi icra edirdi.
Oxu.Az xəbər verir ki, bu barədə CNN ABŞ Milli Arxivlər və Sənədlər İdarəsinə (NARA) istinadən məlumat yayıb.
Milli Arxiv ABŞ hökumətinin sənədlərini - kağızları, fotoşəkilləri, xəritələri, filmləri və elektron qeydləri saxlayır. Arxiv müdiri, həmçinin federal qurumların sənədləşmə qaydalarına əməl etməsinə və informasiya azadlığı haqqında qanunun icrasına nəzarət edir.
NARA-nın baş hüquq müşaviri Mett Dammermutun sözlərinə görə, Rubio öz səlahiyyətlərini müavini Ceyms Bayrona həvalə edib.
Rubionun bu vəzifədə qalma müddəti federal vakant vəzifələrin islahatı haqqında qanuna uyğun olaraq başa çatıb. Həmin qanuna görə, bu postda qalma müddəti 210 gün (təxminən yeddi ay) ilə məhdudlaşdırılır.