NATO ilə bağlı “ultimatum” Aİ ölkələrini qarşı-qarşıya qoydu: “Yeganə çıxış yolu var”

İsrail-İran-ABŞ müharibəsi bütün şiddəti ilə davam edir. ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı sərt açıqlamaları Avropa İttifaqı daxilində ciddi fikir ayrılığına səbəb olub.

Sherg.az xəbər verir ki, Trampın NATO-dan çıxmaq ehtimalını gündəmə gətirməsindən sonra Aİ ölkələri arasında qarşılıqlı ittihamlar artıb.

Mübahisənin mərkəzində Macarıstanın baş naziri Viktor Orban və Polşanın baş naziri Donald Tusk dayanır. Orban sosial şəbəkədə Tuskun tənqidlərinə cavab verərək bildirib ki, Avropa tarixinin ən ağır iqtisadi böhranlarından birinə doğru gedir və dünya eyni zamanda ciddi enerji böhranı ilə üz-üzədir.

Orbanın fikrincə, mövcud vəziyyətdən çıxış üçün yalnız bir yol var:

Rusiyaya qarşı tətbiq olunan enerji sanksiyaları dərhal ləğv edilməlidir. O vurğulayıb ki, əsas məqsəd Vladimir Putini deyil, öz ölkələrinin və vətəndaşlarının maraqlarını qorumaq olmalıdır. Orban həmçinin Trampa müraciət edərək müharibə ritorikasından uzaq durmağa çağırıb.

Digər tərəfdən, Polşanın baş naziri Donald Tusk fərqli mövqe sərgiləyib. O bildirib ki, NATO-nun dağılması təhlükəsi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Avropada enerji böhranının dərinləşməsi və Ukraynaya yardımın dayandırılması kimi addımlar Rusiyanın maraqlarına xidmət edir. Tuskun sözlərinə görə, bu proseslər Vladimir Putinin arzuladığı ssenariyə bənzəyir.

Qeyd edək ki, Tramp “The Telegraph” qəzetinə müsahibəsində ABŞ-ın NATO-dan çıxmaq ehtimalını çox ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. O, NATO-nu “kağız pələngi” adlandıraraq həm özünün, həm də Rusiyanın bu mövqedən xəbərdar olduğunu qeyd etmişdi.

Bütün bu gərginlik fonunda Macarıstan əlavə olaraq Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq Aİ kreditini də bloklayıb. Budapeşt bu qərarı Rusiyadan neft axını bərpa olunana qədər qüvvədə saxlayacağını açıqlayıb.

Beləliklə, Trampın NATO ilə bağlı çıxışı yalnız transatlantik münasibətləri deyil, həm də Avropa İttifaqı daxilində birlik və həmrəyliyi ciddi şəkildə sarsıdan amilə çevrilib.