Netanyahu BƏƏ liderindən xəbərləri təkzib etməsini istəyib

İsrail Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə ondan 7 oktyabr hadisələri ilə bağlı yayılan xəbərləri təkzib etməsini istədiyi iddia olunub.

Sherg.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Netanyahu dünən Bin Zayedlə təxminən 1 saat yarım davam edən görüşdə BƏƏ liderindən İsrail baş nazirini 7 oktyabr 2023-cü il hücumlarından əvvəl xəbərdar etdiyi barədə xəbərləri təkzib etməsini istəyib.

Netanyahunun ofisi və BƏƏ Xarici İşlər Nazirliyi görüşün məzmunu ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, daha əvvəl BƏƏ liderinin 7 oktyabr hücumlarından təxminən 10 gün əvvəl Netanyahuya xəbərdarlıq etdiyi iddia edilmişdi. BƏƏ Xarici İşlər Nazirliyi bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

İsrail Baş nazirinin ofisi isə xəbərlərin həqiqəti əks etdirmədiyini və BƏƏ-nin Netanyahuya 7 oktyabrdan əvvəl xəbərdarlıq etmədiyini açıqlayıb.