Netanyahu İranın yeni ali liderini hədələdi

İsrailin baş naziri Binyamin Netanyahu İranın yeni ali lideri Müctəba Xameneini dolayı yolla hədələyib və ABŞ ilə birlikdə aparılan hərbi əməliyyatların Tehrandakı hakimiyyətin mütləq süqutuna gətirib çıxaracağına əmin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Netanyahu İranla müharibənin başlanmasından sonra keçirdiyi ilk mətbuat konfransında ölkəsinin ABŞ ilə birlikdə apardığı hava əməliyyatları nəticəsində İranın artıq əvvəlki kimi olmadığını söyləyib.

Onun sözlərinə görə, son iki həftəyə yaxın davam edən bombardmanlar nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və “Bəsic” yarımhərbi qüvvələri ciddi zərbələr alıb.

Netanyahu həmçinin İranın dəstəklədiyi Livandakı “Hizbullah” qruplaşmasına qarşı hücumların davam etdiriləcəyini bildirib. O qeyd edib ki, qruplaşma martın 2-də İsrailin İranın ali lideri Əli Xameneini öldürməsinə cavab olaraq atəş açıb.

İsrailin İranın yeni ali lideri Müctəba Xamenei və “Hizbullah”ın rəhbəri Naim Qasım barədə hansı addımlar ata biləcəyi ilə bağlı suala cavab verən Netanyahu planlarını açıqlamaq niyyətində olmadığını deyib.

“Mən terror təşkilatlarının liderlərinin heç birinə həyat sığortası verməzdim. İsrailin nə planlaşdırdığı və hansı addımları atacağı barədə burada dəqiq məlumat vermək niyyətində deyiləm”, - deyə o qeyd edib.

Netanyahu bildirib ki, İsrailin İran əleyhinə hərbi əməliyyatlarının əsas məqsədi Tehranın nüvə və ballistik raket proqramlarının yaratdığı təhlükəni aradan qaldırmaqdır.

Bununla yanaşı, İsrail hökuməti İran daxilində etirazların güclənməsi ilə hakimiyyətin zəifləməsinə nail olmağa çalışır.

Baş nazir qeyd edib ki, Tehrandakı hakimiyyət devrilməsə belə, müharibə nəticəsində xeyli zəifləyəcək.

“Biz gördüyümüz tədbirləri tam açıqlamayacağıq. Rejimin devrilməsi üçün ən uyğun şəraiti yaradırıq. Lakin İran xalqının hakimiyyəti mütləq devirəcəyinə tam əmin olduğumu deyə bilmərəm. Rejimlər daxildən devrilir. Amma biz bu prosesə kömək edə bilərik və kömək edirik”, - deyə Netanyahu vurğulayıb.