Netanyahunun Vaşinqton səfəri yeni müharibənin anonsudur - RƏY

  • ABŞ və İsrail liderləri İranla bağlı həlledici qərar ərəfəsindədir

İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona planlaşdırılan səfəri Yaxın Şərqdə gərginliyin davam etdiyi, İranla bağlı proseslərin yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildiyi dövrə təsadüf edir. Rəsmi məlumatlara görə, səfərin əsas məqsədi ABŞ Konqresinin senatoru Lindsi Qrehemin dəfn mərasimində iştirak etmək olsa da, siyasi müşahidəçilər bu ziyarətin təkcə protokol xarakteri daşımadığını bildirirlər. ABŞ və İsrail arasında strateji əməkdaşlığın gündəliyində yer alan regional təhlükəsizlik, İranın nüvə proqramı, Tehranla mümkün danışıqların perspektivi və Qəzza ilə bağlı vəziyyət kimi məsələlərin də müzakirə mövzusu olacağı istisna edilmir.Hazırda Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında rəsmi görüşün keçiriləcəyi təsdiqlənməsə də, tərəflər arasında təmasın baş tutacağı gözlənilir. Bu isə səfərin siyasi əhəmiyyətini daha da artırır. Belə bir məqamda əsas suallardan biri budur: Netanyahunun Vaşinqton səfəri ABŞ-ın İran siyasətinə və regionda bundan sonrakı proseslərə necə təsir göstərə bilər?

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Netanyahunun Vaşinqton səfəri, İranla bağlı məsələdə İsrailin istəyinə uyğun qərarların verilməsinə səbəb ola bilər:

“Bilirik ki, İran müharibəsinin bitməsi ilə bağlı İsrail və Amerika arasında fikir ayrılığı var idi. İsrail sülh sazişinə qarşı çıxırdı. Ona görə də Netanyahu ilə Trampın bu məsələdə ritorikasında fərqlər müşahidə olunurdu. Amma hadisələrin gedişində tərəflər arasında arasında danışıqların nəticə verməməsi, eyni zamanda İranın sülh sazişi ilə bağlı mövqeyini dəyişməsi, İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ehtimalını artırır. İran müharibəsi başlamamışdan əvvəl də Netanyahu Amerika ilə bu məsələni müzakirə etmişdi və yekun qərar olaraq İrana qarşı hücum başlamışdı. Hesab edirəm ki, bu səfər zamanı İranla bağlı hərbi əməliyyatların davam etdirilməsi məsələsi əsas müzakirə mövzusu olacaq”.