Pakistan Əfqanıstandakı hədəflərə zərbə endirdi

Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Qəndəhar vilayəti ərazisindəki hərbi mövqelərə və yaraqlıların sığınacaqlarına bir sıra zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Pakistanın informasiya və teleradio yayımı naziri Attaulla Tarar X sosial şəbəkəsində məlumat yayıb.

Nazir bildirib ki, endirilən zərbələr nəticəsində Əfqanıstan silahlı birləşmələrinin və "Fitnə əl-Xavaric" qruplaşmasının yaraqlılarının texniki təchizat anbarı kimi xidmət edən tunel də dağıdılıb.

Qeyd edək ki, martın 13-də Əfqanıstanın müdafiə qurumu Pakistanın Xeybər-Paxtunxva vilayətindəki hərbi obyektlərə, eləcə də Pakistanın paytaxtı İslamabada zərbələr endirildiyini bəyan etmişdi.