“Düşünürəm ki, Rusiya Prezidenti Vladimir Putin xüsusən də ölkəsinin böyüklüyünü nəzərə alsaq, Ermənistan Konstitusiya Məhkəməsinin xarici pasport sahiblərinin Ermənistan seçkilərində iştirakına icazə vermədiyini bilsəydi, bunu gündəmə gətirmək istəməzdi”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinlə rusiyalı iş adamı Samvel Karapetyanın parlament seçkilərində iştirakı ilə bağlı söhbəti barədə jurnalistlərə deyib.
“Rusiya Prezidenti gündəliyinə baxmayaraq, detallara girə bilməzdi. Hesab edirəm ki, bu incə nüansı ona çatdırmayıblar. Ermənistan Konstitusiyası və qanunlarını bu qədər detallı Rusiya Prezidentinin özü araşdırmalı idimi? Əlbəttə, yox. Ona əvvəlcədən bütün məlumatları təqdim etmək lazım idi, mən də edilməyən şeyi edərək, onu xəbərdar etdim ki, belə bir incəlik mövcuddur. O, tam məlumatlandırılmamışdı, mən də ona müvafiq məlumatları çatdırdım”, - baş nazir əlavə edib.
Nikol Paşinyan və Vladimir Putinin aprelin 1-də Moskvada baş tutan görüşündə Rusiya Prezidenti Rusiya vətəndaşlığı olan şəxslərin seçkilərdə iştirak etməsi ilə bağlı Ermənistan Baş nazirinə xahişini çatdırıb.
Xatırladaq ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan 2025-ci il iyunun 19-da həbs edilib. Ona qarşı “Ermənistan Konstitusiyasında nəzərdə tutulmayan üsullarla hakimiyyətin ələ keçirilməsinə açıq çağırış” ittihamı irəli sürülüb.
Həbsdə olarkən “Güclü Ermənistan” adlı partiya quran Samvel Karapetyan qarşıdakı seçkilərdə iştirak etmək niyyətindədir. Partiyası onun baş nazirliyə namizədliyini irəli sürüb. Amma ikili vətəndaşlığı olduğu üçün namizəd olmasının qarşısında qanuni əngəl olan Karapetyan bu baxımdan, qanunvericiliyə müvafiq düzəlişin edilməsi üçün parlament müxalifətinin dəstəyinə ümid edir.
Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.