Rusiyanın parlament seçkilərindən əvvəl Ermənistanla münasibətləri tamamilə kəsmək prosesinə başlaması ehtimalı azdır, amma İrəvan səsvermədən sonra da məsafəni qorumağa davam edərsə, iqtisadi-ticari xərclərin artmasına hazırlaşmalı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Stratfor” analitik mərkəzinin təhlilində bildirilir.
Mərkəzin analitiklərinə görə, ən ehtimal olunan alətlərə ticarətə daha sərt nəzarət, sanitar və fitosanitar tədbirlər kimi tənzimləyici maneələr, həmçinin Ermənistanın enerji asılılığından istifadə daxildir. Bu isə Rusiya bazarına bağlı olan erməni ixracatçıları və bizneslərinə qeyri-mütənasib təsir göstərəcək.
“Əgər Baş nazir Nikol Paşinyan seçkilərdə yeni mandat alarsa və Rusiyanın ölkəsindəki iqtisadi-strateji mövcudluğunu azaltmağa davam edərsə, Moskva münasibətlərdəki asimmetriyanı və Ermənistana qeyri-mütənasib xərclər yükləmək imkanını nəzərə alaraq, bu alətlərdən istifadə edəcək”, - təhlildə vurğulanır.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.