Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır

Rusiyanın məqsədi müvəqqəti atəşkəs deyil, sülhdür. Moskva danışıqlara açıq qalır.

Sherg.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, Moskva ayrı-ayrı razılaşmaların deyil, kompleks anlaşmaların tərəfdarıdır. Onun sözlərinə görə, ayrı-ayrı razılaşmalar sülh yolu ilə nizamlanmaya gətirib çıxara bilməz.

Kremlin sözçüsü bildirib ki, hazırda Kiyev belə kompleks razılaşmalara hazır olduğunu nümayiş etdirmir.

Peskov Qara dənizdəki vəziyyətə də münasibət bildirib. O, Rusiyanın Ukraynaya hərbi texnika, sursat və yanacaq tədarükünün qarşısını almağa çalışdığını deyib və Moskvanın Qara dənizdəki addımlarını Ukraynanın zərbələrinə cavab kimi xarakterizə edib.

Türkiyə və BMT-nin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı təşəbbüsünə gəlincə, Peskov Moskvanın hələlik konkret təklif almadığını, lakin təşəbbüsdən xəbərdar olduğunu bildirib.