Putin məmurların cəzadan azad edilməsini nəzərdə tutan qanunu imzalayıb

Rusiya Prezidenti Vladimir Putin qanun pozuntularını aradan qaldıran vəzifəli şəxslərin inzibati məsuliyyətdən azad edilməsini nəzərdə tutan qanunu imzalayıb.

Sherg.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanuna əsasən, barəsində inzibati xəta işi başlanmış məmur "qanunvericiliyin pozulmasının lazımi qaydada aradan qaldırılması haqqında saziş" imzalayıb onun şərtlərini yerinə yetirərsə, inzibati məsuliyyətə cəlb edilməyəcək.

Bu saziş nəzarət və ya təftiş orqanı ilə bağlanır. Birinci halda sənəd dövlət və bələdiyyə nəzarəti haqqında qanuna, ikinci halda isə yerli özünüidarəetmə orqanları və onların vəzifəli şəxslərinə münasibətdə nəzarət fəaliyyətinin təşkili haqqında qanuna uyğun olaraq icra edilir.

Saziş imzalandığı andan etibarən inzibati iş üzrə icraat dayandırılır. Eyni zamanda, həmin iş üzrə inzibati məsuliyyətə cəlbetmə müddətinin hesablanması da müvəqqəti olaraq dayandırılır. Əgər vəzifəli şəxs sazişin şərtlərinə əməl etməzsə, icraat və müddətin hesablanması yenidən davam etdiriləcək.

Bununla yanaşı, qanun iş materialları artıq məhkəməyə və ya digər səlahiyyətli orqana göndərildikdən sonra belə saziş bağlanmasını istəyən vəzifəli şəxslərə şamil edilmir.

Həmçinin, sazişin şərtlərini pozan və ya onları müəyyən olunmuş müddətdə yerinə yetirməyən, daha sonra isə eyni xarakterli inzibati xətanı təkrar törədərək yenidən cəzadan yayınmağa çalışan məmurlar da bu güzəştdən yararlana bilməyəcəklər.

Xatırladaq ki, bundan əvvəl Vladimir Putin Rusiyada süni intellekt sahəsinin tənzimlənməsinə dair qanunu da imzalayıb.