Putin tanınmış bloqer Lerçekin əfv olunması barədə sərəncam imzalayıb

Rusiya Prezidenti Vladimir Putin bloqer Valeriya Çekalinanı (Lerçek) əfv edib.

Sherg.az xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq sərəncamında qeyd olunub.

Sənədə əsasən, bloqer Moskvanın Qaqarin Rayon Məhkəməsinin 31 iyul 2026-cı il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edilib. Çekalina qanunsuz valyuta əməliyyatları ilə bağlı iş üzrə təqsirli bilinərək 5 il şərti həbs cəzasına və böyük məbləğdə cəriməyə məhkum edilmişdi.

Qeyd edək ki, bundan əvvəl Lerçek Putinə əfv olunması üçün müraciət etmişdi. Onun vəkili Konstantin Tretyakov ərizənin Prezident Administrasiyasının elektron qəbul sistemi vasitəsilə göndərildiyini bildirmişdi.

Bundan başqa, bloqer onkoloji xəstəliyinin müalicəsi üçün Çinə getməyə icazə almağa çalışırdı. Müdafiə tərəfinin sözlərinə görə, Çekalinaya xaricdə ixtisaslaşmış tibbi yardım göstərilməsi zəruridir.