Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Qırğızıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

Teleqraf xəbər verir ki, səsvermə məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Ölkə üzrə 30 dairə yaradılıb və 460 namizəd parlamentə seçilmək uğrunda mübarizə aparır.

Mərkəzi Seçki Komissiyası bildirib ki, bütün məntəqələr elektron hesablama sistemi ilə təchiz olunub. İlkin nəticələr səsvermə bitdikdən sonra açıqlanacaq, rəsmi nəticələr isə bülletenlərin əl sayımı başa çatdıqdan sonra elan ediləcək.

Qırğızıstanda 4,29 milyon seçici qeydə alınıb. Onlar üçün ölkə daxilində 2 492, xaricdə isə 100 məntəqə fəaliyyət göstərir.

Seçkilərin etibarlı sayılması üçün seçici iştirakına dair hədd nəzərdə tutulmayıb.

Qeyd edək ki, Azərbaycan Qırğızıstanda parlament seçkilərini izləmək üçün 25 müşahidəçi göndərib.