Rusiya ilk dəfə yuanla borc alacaq

Rusiya Maliyyə Nazirliyi ilk dəfə yuanla ifadə olunan Rusiya dövlət istiqrazlarının (OFZ) buraxılacağını açıqlayıb.

Nazirliyin yaydığı məlumatda bildirilib ki, OFZ istiqrazlarının buraxılışı dekabr ayında planlaşdırılır.

Sherg.az xəbər verir ki, Rusiya ilk dəfə yuanla borc alacaq. Açıqlamada deyilir: “Rusiya Federasiyasının yuanla ifadə olunan dövlət istiqrazlarının ilk buraxılışının həcmi və kupon dərəcələri 2 dekabr 2025-ci il tarixində keçiriləcək tələbat toplama prosesinin nəticələrinə əsasən müəyyən ediləcək. Texniki buraxılışın isə 8 dekabr 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılır.”

Ölkədə OFZ istiqrazlarının yuanla buraxılması ilə bağlı məsləhətləşmələr 2015-ci ildən davam edir, lakin Qərb ölkələrinin sanksiyalarından sonra bu proses sürətlənib.

Rusiya Baş naziri Mixail Mişustin bildirmişdi ki, sanksiyalar səbəbindən beynəlxalq mənbələrdən borc ala bilməyən Rusiya, artıq OFZ istiqrazlarını dost ölkələrin valyutalarında buraxmağa hazırlaşır.