Rusiyada dekabr ayından etibarən bir sıra yeni qanunlar, o cümlədən miqrasiya siyasətinə dair dəyişikliklər tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, ölkəyə giriş-çıxış qaydalarının yenilənməsi ilə bağlı pilot layihə çərçivəsində texniki imkan olan bütün sərhəd-keçid məntəqələrində miqrantlardan biometrik məlumatların toplanmasına başlanılacaq:
"Xarici vətəndaşların tibbi sığorta polisinin alınması ilə bağlı yeni tələblər də artıq qüvvədədir. Belə ki, noyabrın 28-dən etibarən Rusiyada beş ildən az olmayan müddətdə rəsmən çalışan əcnəbilər pulsuz tibbi xidmətlərdən yararlana biləcəklər".
Qanunvericilik dəyişikliyinin miqrasiya proseslərinin şəffaflaşdırılması və nəzarətin gücləndirilməsi məqsədi daşıdığı bildirilib.