Ermənistan vətəndaşları Rusiyaya yalnız pasportlarla (o cümlədən diplomatik pasportlarla) daxil ola biləcəklər. Sərhədi keçmək üçün istifadə olunan digər sənədlər icazə verilən sənədlər siyahısından çıxarılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Federasiyası hökuməti tərəfindən bəyan edilmiş sənəd layihəsində bildirilir.
Yeni qaydalara əsasən, Ermənistan vətəndaşları Rusiyaya yalnız aşağıdakı sənədlərlə daxil ola biləcəklər: Ermənistan Respublikası vətəndaşının pasportu, diplomatik pasport və yalnız Rusiyadan çıxış zamanı istifadə olunan “geri dönmə” şəhadətnaməsi (məsələn, pasportun itirilməsi halında).
Hazırkı sazişin əvvəlki redaksiyasına görə, Ermənistan vətəndaşları həmçinin 16 yaşına qədər uşaqlar üçün doğum şəhadətnaməsi, hərbi xidmətdə olanlar və bəzi hüquq-mühafizə və məhkəmə orqanlarının əməkdaşları üçün şəxsiyyət vəsiqəsi, hava gəmisinin ekipaj üzvü üçün uçuş şəhadətnaməsi və dəmiryolu işçilərinin şəxsiyyət vəsiqəsi ilə də Rusiyaya daxil ola bilərdilər.