Rusiyanın zəifləməsi sürətlənir - Politoloq

  • Avropa İttifaqının Ukraynaya göstərdiyi maliyyə və hərbi dəstək müharibənin gedişinə ciddi şəkildə təsir edir

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını davam etdirməsi fonunda Avropa İttifaqı həm siyasi, həm iqtisadi, həm də hərbi dəstək istiqamətində fəaliyyətini daha da intensivləşdirir. Brüssel hesab edir ki, Moskvanın hücumlarını dayandırmaq və Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün sanksiyalarla yanaşı, maliyyə və texnoloji dəstəyin də artırılması vacibdir. Bu baxımdan Aİ rəhbərliyinin son bəyanatları Rusiyaya qarşı təzyiq siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Bir tərəfdən Rusiyaya qarşı 21-ci sanksiya paketinin qısa müddətdə qəbul edilməsi istiqamətində intensiv danışıqlar aparılır, digər tərəfdən isə Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, dron texnologiyalarının inkişafı və müdafiə sənayesinə əlavə maliyyə ayrılması prioritet kimi müəyyənləşdirilib. Bu addımlar Avropa İttifaqının Ukraynaya dəstəyini uzunmüddətli strategiyanın tərkib hissəsi kimi gördüyünü və Rusiyaya qarşı vahid mövqeyini qorumaqda qərarlı olduğunu nümayiş etdirir.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” hesabında Avropa İttifaqı növbəti günlər ərzində Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul edilməsi üçün dayanmadan çalışdığını bildiurib.

O, Rusiyanın ötən gecə Ukraynaya qarşı həyata keçirdiyi hücumları pisləyib və Ankarada keçiriləcək NATO sammitində bu ölkənin Hava Hücumundan Müdafiə Sistemlərinin gücləndirilməsinin müzakirə olunacağını qeyd edib.

“Ötən həftə 90 milyard avroluq kredit paketinin ilk 4 milyardlıq hissəsini Ukraynanın müdafiəsi və dron texnologiyasının inkişafı üçün təmin etmişik. Tezliklə, daha artığı olacaq”,- Avropa Komissiyası Prezidenti vurğulayıb.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar öz təsirini göstərir və Rusiya iqtisadiyyatı hazırda durğunluq vəziyyətindədir:

“Bu, kifayət qədər ciddi nəticədir. 21-ci sanksiya paketinə gəldikdə isə, bu da Rusiyanın zəiflədilməsi istiqamətində atılan növbəti addım kimi dəyərləndirilməlidir. Proses ona yönəlib ki, Rusiya mümkün qədər zəifləsin, Ukraynada planlarını həyata keçirə bilməsin və Avropanın təhlükəsizliyinə təhdid yaranmasın. Bu baxımdan sanksiyalarla yanaşı, Avropa İttifaqı Ukraynaya davamlı şəkildə yardım da göstərir. Bir neçə ay öncə 90 milyard avroluq yardım paketi ilə bağlı qərar gündəmə çıxarıldı və ötən həftə qəbul edildi. Artıq bu yardımın ilk tranşı Ukraynaya ayrılıb. Əlbəttə ki, bu maliyyə yardımları Ukrayna üçün olduqca əhəmiyyətlidir. Həm ölkənin özünü müdafiəsi baxımından lazım olan avadanlıqların və hərbi texnikanın alınması üçün, həm də iqtisadiyyatını ayaqda saxlamaq və maliyyə sabitliyini qorumaq baxımından çox vacibdir. Bu baxımdan Avropa İttifaqının Ukraynaya göstərdiyi maliyyə və hərbi dəstək müharibənin gedişinə ciddi şəkildə təsir edir. Məhz bu yardımlar sayəsində Ukrayna öz hərbi sənayesində ciddi irəliləyişlər əldə edib, təminat səviyyəsini 60 faizə qədər yüksəldib və müasir hərbi vasitələr hesabına Rusiya üzərində müəyyən strateji üstünlük qazanıb. Son bir neçə ayda Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirilməsi də bunun göstəricisidir. Bu baxımdan həmin yardımların əhəmiyyəti olduqca böyükdür”.

NATO-nun hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı qərarına gəldikdə isə, analitik qeyd edib ki, bu, çox vacib qərardır:

“Hazırkı müharibədə dronlar və raketlər olduqca mühüm rol oynayır və onlara qarşı effektiv hava hücumundan müdafiə sistemlərinin mövcudluğu zəruridir. Son illərdə dünyanın əksər ölkələrinin hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirdiyinin şahidi oluruq. Bu baxımdan, əlbəttə ki, NATO üçün də bu çox vacib məsələdir. Həm Avropa, həm də NATO məkanında yaranmış riskləri aradan qaldırmaq üçün hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsinə ciddi ehtiyac var”.