
Şərhçi: Trampın mövqeyində dəyişiklik Rusiyanı narahat edir
Putin hakimiyyəti daxilində fikir ayrılıqları artmaqdadır
Ötən həftə beş saatdan çox davam edən Rusiya və Belarus liderləri Vladimir Putin və Aleksandr Lukaşenko görüşü ilə bağlı müzakirələr davam edir. Bu görüş regionda yeni bir gərginlik siqnalları verib və Lukaşenkonun Ukraynaya yönələn açıqlamaları ilə diqqət çəkib.
Siyasi ekspertlərin fikrincə, Lukaşenkonun Ukraynaya yönəlik açıq təhdidləri və eyni zamanda Rusiya–Ukrayna müharibəsinin “Slavyan üçlüyü” formatında həlli təklifi, Moskvanın indiki çətin vəziyyətdən çıxış cəhdinin bariz nümunəsidir. Bu təklifin əsas məqsədi ABŞ və Qərbi prosesdən kənarda saxlayaraq, Ukraynanı istəklərinə tabe etmək olsa da, məlumdur ki, Kiyev belə bir yanaşmanı heç vaxt qəbul etməyəcək.
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Vüqar Dadaşov Sherg.az-a açıqlamasında bildirib ki, bu təklif Putinin Lukaşenko vasitəsilə Ukraynaya, Prezident Zelenskiyə bir təzyiq, psixoloji təsir kimi ortaya atılıb:

"Lukaşenkonun açıq təhdidləri, hətta III Dünya müharibəsinə işarəsi, Rusiyanın düşdüyü ağır hərbi və siyasi vəziyyətinin sübutu kimi qiymətləndirilir. Sözsüz ki, Putinin Lukaşenko vasitəsilə belə bir təşəbbüslə çıxış etməsinə, Amerika Prezidenti Donald Trampın Rusiya münasibətinin dəyişməsi təsirsiz ötüşməyib. Bu kontekstdə, artıq ABŞ-nin və eləcə də Qərb ölkələrinin Ukraynaya uzaq mənzilli raketlərlə Rusiyanın dərinliklərini və hətta Kremlə belə zərbə endirməsinə icazə verməsi və artıq müəyyən hücumların həyata keçirilməsi Putini çox narahat edir. Vəziyyətə Trampın hansı addımlar atacağı yeni sanksiyalara, yaxud hərbi kontekstdən çıxış edəcəyinə də qeyri-müəyyənlik təsiri hiss olunur. Ona görə də Putin prosesin gedişatını nəzarətə götürmək üçün Lukaşenko vasitəsilə "Slavyan üçlüyü" mexanizmindən istifadə etməyə çalışır.
Rusiya–Ukrayna müharibəsi Lukaşenkonu da çox narahat edir. Rusiya üçün uğursuz nəticə, onun müttəfiqi Lukaşenko hakimiyyəti üçün ciddi və real təhlükələr vəd edir. Bir neçə həftə əvvəl ABŞ-nin Belarusa yaxınlaşma istəyinin də nəticəsiz sonluğu Lukaşenkonu şəxsən aktivləşməyə məcbur edə bilər".
Siyasi şərhçi deyib ki, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı münasibətinin dəyişməsi açıq görünürsə də, Tramp hələ də məsələnin sülh yolu ilə həll ediləcəyinə inamını tam itirməyib:
"Bir neçə gün əvvəl Trampın prezident seçkiləri öncəsi Rusiya–Ukrayna müharibəsinin həllinə dair verdiyi açıqlamasında yanıldığını deməsi, əlbəttə ki, Rusiya–Ukrayna müharibəsinin ədalətli bitməsi və ya dayandırılması imkanının çox aşağı olmasını göstərir. Sözsüz ki, Rusiya Putin hakimiyyəti dövründə müharibədən geri çəkilməyəcək. Ancaq Putin komandasının daxilində müharibə əleyhdarları da artmaqdadır. Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefasının səbəbi də budur. Siyasi elita arasında fikir ayrılıqları Putin hakimiyyəti üçün ciddi risklər vəd edir. Proseslərin analizi göstərir ki, Putinin inadı Rusiyada hakimiyyət dəyişikliyinə gətirə bilər ki, bu ehtimal getdikcə artır, hətta paralel siyasi sistemin belə dəyişmə ehtimalı da çoxalır. Rusiya–Ukrayna müharibəsinə ABŞ–Türkiyə münasibətləri fonunda da baxmaq daha doğrudur. Ərdoğanın ABŞ-yə səfəri və Trampla görüşü, Trampın Suriya məsələsindən tutmuş digər açıqlamaları təkcə ikitərəfli məsələ deyil. Rusiyanın hazırkı hakimiyyəti üçün olduqca vacib “nəfəslik” rolunu oynayan Türkiyəyə ABŞ-nin çox isti münasibəti Rusiya əleyhinə yönəldilə bilər. F-16 və hətta F-35 təyyarələri ilə bağlı razılaşmalar Türkiyə–Rusiya münasibətlərinə güclü təsir edə biləcək əsaslardan biridir. Təbii ki, Trampın cənab Ərdoğana qarşı şəxsi münasibəti də rol oynayır, ancaq ABŞ-nin milli və dövlət maraqları əsas şərt olaraq öndədir. Hətta ABŞ və bəzi NATO dövlətləri Türkiyəni Rusiyaya əsas hərbi təzyiq kimi görür. ABŞ istisna olmaqla, NATO-nun Türkiyəsiz ciddi hərbi imkanları yoxdur. Rusiyanın da Avropada NATO dövlətlərinin hava məkanını pozması, NATO-nu Türkiyənin də Rusiyaya qarşı müharibəyə qoşulmasına istəkli olmasını göstərir. Ancaq Ərdoğanın bu planlara münasibəti nisbi xarakterdir".
Siyasi şərhçi hesab edir ki, Rusiya NATO dövlətlərinin hava məkanını pozması ilə kollektiv Qərbi Rusiya–Ukrayna müharibəsindən yayındırmağı hədəfləyə bilər:
"Hələ ki, NATO-nun hərbi cavabı adekvat olmasa da, Qərbdən son açıqlamalar Rusiyaya qarşı ciddi təzyiqlərin planlandığına işarədir.
Ukrayna müharibəsi ilə Rusiyanı özündən asılı vəziyyətə salan Çin müharibənin davamına maraqlıdır və prosesə söz sahibidir. Rusiya Ukraynada başladığı müharibə ilə çıxılmaz tələdədir. Həm Putin hakimiyyəti, həm də xarici aktorlar üçün Ukrayna müharibəsi zərurətə çevrilib".