İsrail və ABŞ-ın dolaylı iştirakı ilə SDQ-nin məqsədi muxtariyyət yaratmaqdır
Dünyada ard-arda cərəyan edən gərgin proseslər şəraitində bu dəfə diqqətlər yenidən Suriyaya yönəlib. Yanvarın 6-dan etibarən “Suriya Demokratik Qüvvələri”nin (SDQ) Hələb şəhərində Suriya ordusunun mövqelərinə və mülki infrastruktura pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi bölgədə vəziyyəti daha da kəskinləşdirib. Hücumlar nəticəsində 5 mülki şəxs həlak olub, 30-dan çox insan yaralanıb. Rəsmi məlumatlara görə, artan təhlükəsizlik riski səbəbindən 45 mindən artıq sakin, Hələbi tərk etmək məcburiyyətində qalıb. Hadisələrin gedişatında Suriya keçid hökumətinə bağlı ordu, SDQ-yə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Tankların da cəlb olunduğu əməliyyatlar zamanı şiddətli toqquşmaların baş verdiyi bildirilir. Qeyd edək ki, SDQ-nin əsas hərbi dayağını Kürd Xalq Müdafiə Birlikləri (YPG) təşkil edir. YPG isə Türkiyə tərəfindən “PKK-nın Suriya qolu və terror təşkilatı” kimi tanınır. Martın 10-da əldə olunan razılaşmaya əsasən, SDQ-nin Suriya ordusuna inteqrasiya olunması nəzərdə tutulsa da, bu öhdəlik indiyədək yerinə yetirilməyib. Birləşmiş Millətlər Təşkilatı tərəfləri dərhal gərginliyi azaltmağa və 10 mart razılaşmasının tam icrası üçün danışıqlara başlamağa çağırıb. Rəsmi Dəməşq isə yaydığı açıqlamada əməliyyatların heç bir etnik qrupu hədəf almadığını, əsas məqsədin təhlükəsizliyi təmin etmək və silahlı qrupların şəhəri təzyiq alətinə çevirməsinin qarşısını almaq olduğunu bildirib.
Mövzu ilə bağlı sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Sherg.az-a açıqlamasında bildirib ki, adını Suriya Demokratik Qüvvələri (SDQ) qoysalar da, faktiki olaraq bu qüvvələr separatist xarakter daşıyır və YPG-nin tərkibinə bağlıdır:
“YPG isə PKK-nın Suriya qolu hesab olunur. Bu qruplaşmaların fəaliyyəti İsrail tərəfindən qızışdırılır, eyni zamanda ABŞ-nin Fərat çayının şərq sahilində yerləşən azsaylı hərbi kontingenti də bölgədəki proseslərə dolayı təsir göstərir. Türkiyə vaxtilə PKK-nın silahı yerə qoyması ilə bağlı çağırış etmişdi. Lakin SDQ adı altında birləşsələr də, PKK-dan ayrılan terrorçuların böyük əksəriyyəti YPG-nin tərkibinə daxil oldu. Bu təşkilat faktiki olaraq Suriyanın ərazi bütövlüyünə qarşı çıxır. Onların əsas məqsədi Fəratın şərq sahilində muxtariyyət yaratmaqdır”.
Ekspert baş verən hadisələrin Türkiyəyə də təsirsiz ötüşməyəcəyini vurğulayıb:
“Əvvəllər PKK və ona bağlı kürd silahlı qruplar, Türkiyə sərhədlərinə yaxın ərazilərdə muxtariyyət əldə etməyə çalışırdı, lakin Türkiyə buna imkan vermədi. SDQ-nin fəaliyyəti isə Türkiyə sərhədlərinə yaxın əraziləri əhatə etdiyi üçün baş verən proseslər birbaşa oranın da təhlükəsizliyinə təsir edir. Məhz bu səbəbdən Rəsmi Ankara Suriya ordusuna dəstək verir. Qeyd etmək lazımdır ki, SDQ təkcə Fərat çayının şərq sahilində deyil, eyni zamanda Hələb şəhərində də fəaliyyət göstərərək silahlı toqquşmaların yaranmasına səbəb olur. Hazırda Suriya ordusunun əməliyyatlara başlaması ilə bəzi ərazilərdə hərəkət məhdudlaşdırılıb. Rəsmi Dəməşq açıq şəkildə bəyan edir ki, mərkəzləşdirilmiş hakimiyyətdən kənarda heç bir silahlı dəstənin mövcudluğuna yol verilməyəcək”.
İ. İsmayılın qənaətinə görə, bölgədə müşahidə olunan mövcud gərginlik təsadüfi deyil və arxasında İsrail tərəfindən yönləndirilən, prosesləri dərinləşdirməyə xidmət edən amillər dayanır:
“Hazırda İsrail və Suriya ABŞ-nin vasitəçiliyi ilə təhlükəsizlik məsələləri üzrə təmasları bərpa edib. Bununla belə, danışıqlara mane olmağa çalışan qüvvələr mövcuddur. Xüsusilə İsrailin bu mərhələdə ziddiyyətli və ikili siyasət yürütməsi diqqət çəkir. Lakin bütün bu amillərə baxmayaraq, toqquşmalar Türkiyənin dəstəyi ilə Suriya ordusunun üstünlüyü ilə nəticələnəcək”.
Aybəniz Səfərova