Tankerlər və buzqıranlar hədəfdə: Aİ Rusiyanın qaz ixracını da vurur

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni, 20-ci sanksiyalar paketini təqdim edir.

Oxu.Az xəbər verir ki, bu barədə AK sədri Ursula fon der Lyayen xüsusi bəyanatında bildirib.

"Yeni sanksiyalar paketi energetika, maliyyə xidmətləri və ticarəti əhatə edir. Energetika sahəsində Rusiya neftinin dəniz daşımalarına tam qadağa tətbiq edirik. Bu, Rusiyanın enerji daşıyıcılarından əldə etdiyi gəlirləri daha da azaldacaq və onun nefti üçün alıcı tapmasını çətinləşdirəcək", - deyə AK-nin saytında dərc olunan bəyanatda bildirilir.

Ursula fon der Lyayenin bəyanatına görə, 20-ci paket çərçivəsində Rusiyadan gələn neftin daşınmasına xidmət göstərilməsinə də qadağa qoyulması planlaşdırılır:

"Biz daha 43 gəmini "kölgə donanması" siyahısına daxil edirik. Beləliklə, siyahıdakı gəmilərin ümumi sayı 640-a çatacaq".

O həmçinin elan edib ki, Aİ Rusiyanın tankerlər almasını çətinləşdirir və qaz ixracı layihələrinə daha çox zərbə vurmaq məqsədilə qazdaşıyan tankerlər və buzqıran gəmilər üçün texniki xidmət və digər növ işlərin göstərilməsinə genişmiqyaslı qadağalar tətbiq edir.

"Daha sonra biz Rusiyanın bank sistemini və onun iqtisadi fəaliyyəti maliyyələşdirmək üçün alternativ ödəniş kanalları yaratmaq imkanlarını daha da məhdudlaşdırmağa yönəlmiş ikinci tədbirlər blokunu təqdim edirik", - deyə AK sədri vurğulayıb.

20-ci paket çərçivəsində əlavə ixrac məhdudiyyətləri də nəzərdə tutulur:

"Biz Rusiyanın döyüş meydanında istifadə etdiyi mal və texnologiyalara, məsələn, partlayıcı maddələrin istehsalında istifadə olunan materiallara əlavə ixrac məhdudiyyətləri tətbiq edirik".

Bundan əlavə, Aİ idxalı məhdudlaşdırmaq üçün ammonyaka kvota qoyulmasını, habelə metal, kimyəvi maddələr və hələ sanksiyaya düşməmiş kritik mineralların idxalına 570 milyon avrodan çox məbləğdə yeni qadağaları planlaşdırır.