Tehran ABŞ-la münaqişənin başa çatdırılması üçün diplomatik kanaldan yalnız bunun milli maraqlara uyğun olduğu qənaətinə gəldiyi halda istifadə edəcək.
Sherg.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin uzadıldığını və İslam Respublikasına qarşı zərbələrin bərpasının təxirə salındığını elan etmişdi. Bu qərar Pakistan rəhbərliyinin Tehrana münaqişənin nizamlanması ilə bağlı vahid təkliflər hazırlamaq üçün vaxt verilməsi xahişinə cavab olaraq qəbul olunub.
“Diplomatiya milli maraqların və təhlükəsizliyin təmin olunmasının vasitəsidir. Biz milli maraqların həyata keçirilməsi üçün bunun istifadəsi üçün uyğun və məqbul zəmin yarandığı qənaətinə gələn kimi addımlar atacağıq”, - deyə Bəqai bildirib.
O, həmçinin Pakistanın Tehranla Vaşinqton arasında müharibənin dayandırılması istiqamətində vasitəçilik səylərinə görə təşəkkür edib və atəşkəs təklifini şərh edərək əlavə edib ki, İran həm “yerində” vəziyyətin inkişafını, həm də siyasi prosesi izləyir. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri istənilən təhlükəni qətiyyətlə dəf etməyə hazırdır.
ABŞ və İsrail 28 fevralda İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. Bu hücumlar nəticəsində 3 mindən çox insan həlak olub. Vaşinqton və Tehran 8 apreldə iki həftəlik atəşkəs elan ediblər. Bundan sonra İslamabadda keçirilən danışıqlar nəticəsiz başa çatıb. Döyüş əməliyyatlarının bərpası barədə məlumat verilməsə də, ABŞ İran limanlarına blokada tətbiq etməyə başlayıb. Vasitəçilər yeni danışıqlar raundunu təşkil etməyə çalışırlar.