ABŞ Prezidenti Donald Tramp İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu ilə bağlı proqnozunu açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox Sports" məlumat yayıb.
Final qarşılaşması ilə bağlı fikirləri soruşulan Tramp Lionel Messiyə qarşı proqnoz verməyin çətin olduğunu bildirib.
"Messiyə qarşı nəsə demək çox çətindir. Mən onun dünya çempionatının yarımfinalında İngiltərə ilə oyundakı (2:1) məhsuldar ötürməsini gördüm. Bu, sadəcə mükəmməl idi. Düşünürəm ki, Messiyə qarşı proqnoz vermək çox çətindir. O, möhtəşəmdir", - deyə Tramp bildirib.
ABŞ Prezidenti Lionel Messini portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə eyni sırada göstərərək onu "bütün dövrlərin ən böyük futbolçularından biri" adlandırıb.
Qeyd edək ki, Donald Tramp iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da ABŞ-nin Nyu-Cersi ştatında yerləşən "MetLife" stadionunda keçiriləcək dünya çempionatının final qarşılaşmasını tribunadan izləyəcək.
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino daha əvvəl bildirmişdi ki, finaldan sonra o və Donald Tramp birlikdə qalib komandaya kuboku təqdim edəcəklər.