ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəni mümkün qədər tez bir zamanda bitirmək istəmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp Tehrandan fərqli olaraq ABŞ-nin vaxtının çox olduğunu deyib: "Son mərhələdə olan "New York Times" qəzetini oxuyan və ya yalançı CNN-i izləyən və mənim İranla müharibəni bitirmək üçün tələsdiyimi düşünən insanlar ( indi onların sayı əvvəlkindən daha azdır), unutmasınlar ki, mənə heç bir təzyiq olunmur: Mənim vaxtım çoxdur, İranın isə yox. Saat işləyir".
Prezident əlavə edib ki, razılaşma yalnız ABŞ, müttəfiqləri və həqiqətən də dünyanın qalan hissəsi üçün məqsədəuyğun və faydalı olduqda bağlanacaq.
Çərşənbə axşamı Amerika lideri Truth Social-da İranla atəşkəs müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran Məclisi (Parlament) sədrinin müşaviri Mehdi Məhəmmədi öz növbəsində bildirib ki, Vaşinqtonun atəşkəs müddətini uzatmaq barədə elanı bir hiylədir və İslam Respublikasına qarşı yeni bir sürpriz hücum hazırlamağa imkan verəcək. Məhəmmədi iddia edib ki, məğlub tərəf kimi ABŞ şərtləri diktə edə bilməz.