Trampın 20 bəndlik Qəzza planı... ANALİZ
Asif Nərimanlı: "Plan icra edilərsə, HƏMAS tamamilə sıradan çıxacaq"
Qruplaşmanın plandan imtina etməsi İsrailə maksimum hədəfinə çatmaq üçün hücumlarına davam etməsi imkanı verir
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu Ağ Evdə mətbuat konfransı keçirərək Qəzza zolağında müharibəyə son qoymaq planını elan ediblər. Görüşdən sonra Trampın 21 maddəlik sülh planı dünya ictimaiyyətinə açıqlanıb. HƏMAS üzvləri Dohada Türkiyə, Misir və Qətər rəsmiləri ilə müzakirələr aparıblar. Qrup Trampın təklif etdiyi plana cavab vermək üçün bir neçə günə ehtiyac duyduğunu qeyd edib. HƏMAS rəsmiləri Trampın Qəzzada sülh planında tərksilahla bağlı bəndlərə düzəlişlər edilməsini istəyiblər. Bundan əlavə, İsrailin Qəzza zolağından tam çıxması üçün beynəlxalq zəmanətlər, həmçinin ərazinin daxili və ya xaricində sui-qəsdlərin baş verməməsi ilə bağlı təminatlar tələb ediblər. Qətərin baş naziri və XİN rəhbəri Məhəmməd bin Əbdülrəhman əs-Sani bildirib ki, Donald Trampın təqdim etdiyi Qəzza planı müharibəni dayandırmaq potensialına malikdir. Onun sözlərinə görə, sənədin əsas məqsədi atəşkəsdir, lakin bəzi detallar – xüsusilə İsrail qoşunlarının çıxarılması məsələsi əlavə danışıqlar tələb edir. Sani bildirib ki, tərəflər plana konstruktiv yanaşaraq müharibəyə son qoymaq fürsətindən istifadə edəcəklər. Bu arada İtaliya və Yunanıstan İsraildən Qəzzaya humanitar yardım aparan beynəlxalq donanmadakı fəalların təhlükəsizliyini təmin etməyi tələb edib. Roma və Afina həmçinin fəalları yardımın Qəzzada paylanması üçün onu Katolik Kilsəsinə təhvil verməyə və İsraillə birbaşa qarşıdurmadan çəkinməyə çağırıb.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Trampın 20 bəndlik Qəzza planı bölgədə baş verənlər fonunda ümidverici olsa da, yekun sülhü gətirəcəyi ehtimalı yüksək görünmür. Ekspert vurğulayıb ki, planda fələstinlilər üçün müsbət məqamlar var:
"Qəzzanın beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə verilməsi İsrailin bölgəni ilhaq etmək cəhdlərinin arxa plana keçməsi deməkdir. Qəzzalıların evlərini tərk etməsi məcburiyyəti aradan qaldırılır. Həbsdə olan qəzzalılar azad edilir və İsrail ordusu Qəzzadan çıxır. Plana görə, İsrail qoşunları girovların azad edilməsinə hazırlaşmaq üçün razılaşdırılmış xəttə qədər geri çəkiləcək. Bu müddətdə bütün hərbi əməliyyatlar dayandırılacaq və mərhələli geriçəkilmə şərtləri yerinə yetirilənə qədər döyüşlər dondurulacaq. Lakin planın praktiki müstəvidə icrasını sual altına salan bir məqam var. Məsələn, HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın idarəetməsindən uzaqlaşdırılması mübahisəlidir. Tramp bəyan edib ki, HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq. Bu, HƏMAS-ın tamamilə məğlubiyyəti və siyasi-hərbi fəaliyyətinə son qoyması deməkdir. Bu baxımdan, qruplaşma planla bağlı götür-qoy edir. Qruplaşmanın 4 gün zamanı var".
Analitik hesab edir ki, HƏMAS dilemmadan çıxmaq istiqamətində müəyyən addımlar ata bilər:
"Məsələn, danışıqların şərtlərini dəyişmək, mövcudluğunu bu və ya digər formada saxlamaq üçün plana "altbəndlərin" əlavə edilməsini istəyə bilərlər. Həmçinin, planla razılaşmaq, lakin icra prosesində - girovların qaytarılması, fələstinlilərin azad edilməsi, İsrail qüvvələrinin çəkiləcəyi xətlərin müəyyən edilməsi və s. məsələlərdə zaman qazanmağa, şərtləri dəyişdirməyə çalışa bilərlər. Yaxud plana məhəl qoymazlar. İsrail də eyni taktikadan istifadə edə, HƏMAS-ın girovları azad etmək və silahı yerə qoymaq niyyətinin olmadığını göstərməyə çalışa bilər. Bölgənin idarəetməsində ərəb ölkələrinin iştirakı və bu qədər müharibədən sonra nəzarəti ələ ala bilməməsi fonunda Qəzza ilə bağlı yekun hədəfi tam əhatə etmir".
A.Nərimanlıya görə, 20 bəndlik Qəzza planı minimum və maksimum ssenarilərdə İsrailə sərf edir:
"Plan icra edilərsə, HƏMAS tamamilə sıradan çıxacaq. Bu, minimum hədəfə nail olmaqdır. Qruplaşmanın plandan imtina etməsi İsrailə maksimum hədəfinə çatmaq üçün hücumlarına davam etməsi imkanı verir. Bu halda, ABŞ İsraili dəstəkləyəcək, Tramp da bəyan edib ki, “HƏMAS planı qəbul etməsə, çox kədərli sonluq olacaq”. Belə bir ssenaridə Qəzzada İsraili dayandırmaq çağırışları edən Türkiyə, ərəb ölkələri və Avropa çətin vəziyyətə düşəcək. ABŞ davam edən müharibəyə görə günahın HƏMAS-da olduğunu göstərməklə İsrailin hücumlarını dəstəkləyəcək. Və maksimum hədəf olan Qəzzanın tamamilə nəzarətə götürülməsi imkanı əldə edəcəklər. Qəzza məsələsində yaranmış dilemmativ vəziyyət Trampın 20 bəndlik həll planının problemə son qoyacağı ehtimalını zəiflədir. Planın daha çox danışıqlar üçün “çərçivə sazişi”nə bənzəməsi və özündə detalları əks etdirməməsi də qəbul ediləcəyi təqdirdə, icra prosesinin zaman alacağını deməyə əsas verir".