Türkiyə ABŞ ilə birlikdə neft axtaracaq

İstanbul şəhərində Türkiyənin TPAO milli neft şirkəti ilə ABŞ-nin "Chevron" şirkəti arasında neft və təbii qaz kəşfiyyatı və hasilatı fəaliyyətləri, eləcə də enerji sektorunda potensial əməkdaşlığın qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün "X" hesabında məlumat verib.

"Bu Anlaşma Memorandumu ilə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə birgə layihələr inkişaf etdirməyi hədəfləyirik.

Qabar bölgəsi və Qara dənizdəki işlərimizi beynəlxalq təşəbbüslərimizlə dəstəkləyərək, TPAO-nu bir milyon barel istehsal gücünə malik qlobal şirkətə çevirmək vizyonumuza da töhfə verəcəyik.

Yaxın zamanda yeni müqavilələrə və müxtəlif beynəlxalq tərəfdaşlıqlara imza atacağıq, həyata keçirdiyimiz konkret layihələri millətimizlə bölüşəcəyik", - deyə nazir bildirib.