Türkiyə Qara dənizi regionunda enerji axınlarının fasiləsiz təmin edilməsinin vacibliyini vurğulayır və Ukrayna müharibəsində energetika infrastrukturunun hədəfə alınmaması üçün tərəflərə çağırış edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda jurnalistlərlə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qara dənizdə enerji infrastrukturu gündəlik həyat üçün həyati əhəmiyyət daşıyır və onun müharibəyə cəlb olunması ciddi risklər yaradır:
"Biz ümid edirik ki, Ukraynadakı müharibə tezliklə başa çatacaq. Hazırda həm Rusiya, həm də Ukraynaya çağırış edir, energetika infrastrukturunun müharibənin bir hissəsinə çevrilməsinə yol verilməməsini tələb edirik. Qara dənizdə, boğazlarımızda və KTK kimi boru kəmərləri üzərindən enerji axınlarının fasiləsizliyi təmin olunmalıdır".
Nazir həmçinin ABŞ administrasiyasının Ukrayna müharibəsinin dayandırılması üçün ciddi səylər göstərdiyini, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə mütəmadi əlaqə saxladığını xatırladıb:
"Biz bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasını və regionda sabitliyin bərpasını dəstəkləyirik".