Ukrayna Müdafiə Nazirliyi "Patriot" raketlərinin tədarükünü sürətləndirmək xahişi ilə 40 tərəfdaş ölkəyə müraciət edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilir.
"Nazir Mixail Fyodorov 40-a yaxın tərəfdaş ölkəyə artıq məktub göndərərək "Patriot" raketlərini mövcud ehtiyatlarını bu ay təxirə salınmadan Ukraynaya verməyi xahiş edib. Qərarın elə NATO sammiti ərəfəsində qəbul edilməsi kritik dərəcədə vacibdir", – məlumatda qeyd olunur.
Bildirilib ki, Ukraynanı antiballistik raketlərlə təmin etmək üçün apreldə Müdafiə Nazirliyi Almaniyanın dəstəyi ilə "Patriot" üçün yüzlərlə"PAC-2" raketinə dair ilk dəfə rekord məbləğdə müqavilə bağlayıb ki, onların da tədarükü növbəti illər ərzində başlayacaq. Həmçinin ilk dəfə olaraq Aİ krediti hesabına 1 milyard dollar məbləğində "Patriot" üçün yüzə yaxın raketin alınması istiqamətində addım atılıb. Bu il Ukrayna həmçinin ilk dəfə Avropa tərəfdaşlarının anbarlarından raketlər almağa başlayıb.
Fyodorovun sözlərinə görə, bu, kifayət deyil, çünki gecə Rusiya 500-ə yaxın zərbə dronu, həmçinin 25-i ballistik və ya hipersəs olmaqla, 77 raketlə Ukraynaya hücumlar edib. Onların əksəriyyəti zərərsizləşdirilsə də, zərbələr 20-dən çox insanın həyatına son qoyub və Ukraynanın mülki infrastrukturuna ciddi ziyan vurub.