ABŞ və Rusiya Ukraynadan ərazi güzəşti və Silahlı Qüvvələrinin sayını ciddi şəkildə azaltmağı tələb edən gizli plan hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Britaniya nəşri bildirib ki, plan layihəsinə Rusiyaya Ukraynanın hərbi-siyasi suverenliyi üzərində misilsiz nəzarət imkanı verəcək tədbirlər daxildir.
“Bu plan, böyük ehtimalla, Kiyev tərəfindən kapitulyasiya kimi qəbul olunacaq”, - mənbə vurğulayıb.
Plana görə Ukrayna Donbası Rusiyaya verməli və ordusunun sayını iki dəfə azaltmalıdır. Nəşr xatırladıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu tələbləri bundan əvvəl “qəbuledilməz və qeyri-real” adlandırmışdı.
Digər şərtlər arasında ABŞ-nin hərbi yardımına məhdudiyyətlər və Ukrayna ordusunun istifadə edə biləcəyi silah kateqoriyalarının məhdudlaşdırılması var.
Nəşr qeyd edib ki, Ağ Ev dəfələrlə Rusiya və Ukrayna arasında razılaşmaya yaxın olduqlarını bəyan etsə də, bu cəhdlərin hamısı uğursuzluğa düçar olub. Səbəb isə Vaşinqtonun Kiyevdən Kreml qarşısında misilsiz güzəştlərə getməsini tələb etməsidir.
“Son aylarda mümkün sülh danışıqları faktiki olaraq dalana dirənib, çünki Rusiyanın tələbləri maksimalist xarakter daşıyır. Kreml hər nə qədər müharibənin dayandırılması ilə bağlı danışıqlara açıq olduğunu desə də, genişmiqyaslı tələblərini azaltmağa hazır olduğunu göstərməyib”, - nəşr əlavə edib.
Məqalədə ABŞ və Rusiyanın Ukraynada müharibənin dayandırılmasını ehtiva edən sülh planının kifayət qədər qüsurlu olduğu bildirilib.
“The Telegraph”ın köşə yazarı Daniel De Petris hesab edir ki, plan reallıq sınağına tab gətirə bilməyəcək, skeptisizm üçün yaxşı səbəblər var.
“Həmin plana görə, Ukrayna ordusu bütün Donbasdan çıxarılmalı, Silahlı Qüvvələrin sayı və döyüş qabiliyyəti azaldılmalıdır. Rusiyanın da güzəştə getməsi gözlənilir. Görünür, Trampın planı rus qoşunlarını Zaporojye və Xerson vilayətlərində ələ keçirdikləri ərazilərin bir hissəsini geri qaytarmağa məcbur edir. Bundan əlavə, Ukraynaya öz hərbi potensialı ilə bağlı güzəştlər müqabilində ABŞ tərəfindən bir növ müdafiə zəmanəti təklif oluna bilər.
Belə zəmanətin məqsədi sadədir: Ukraynanın planın digər bəndlərinə etirazlarını yumşaltmaq və Rusiyanı onun üçün əlverişli vaxtda müharibəni bərpa etməkdən çəkindirmək”.
Plana rus dili və rus kilsəsinə üstün statusların verilməsi də daxildir, eləcə də Ukraynanın NATO-ya üzvlüyündən və Krımdan imtina. Ukraynada Rusiyanın istəyinə uyğun hökumətin formalaşdırılması tələbi də diqqətçəkən məqamlardan biridir.
Jurnalistin fikrincə, Tramp administrasiyasının Kiyevdən gözlədiyi güzəştlər siyasi cəhətdən zəhərlidir və birbaşa onların qırmızı xətlərinə ziddir:
“Amerikalılar iddia edə bilər ki, hazırkı vəziyyəti nəzərə alsaq, Ukraynanın Pokrovsk şəhərini itirməsi an məsələsidir. Amma ukraynalılar bu cür proqnozları istər-istəməz təhlükəli, məğlubiyyət xarakteri daşıyan və öz ordusunun fədakarlığına hörmətsizlik kimi görəcəklər. Əgər ukraynalılar Pokrovsk məsələsində bu qədər həssasdırlarsa, bütün Donbasla bağlı düşüncələri məlumdur”.
De Petris deyib ki, Tramp Ukrayna üçün bir növ “təsəlli mükafatı” kimi ABŞ-nin təhlükəsizlik zəmanəti təklifini irəli sürüb.