"USA Today" ABŞ-nin Kuba ilə bağlı mümkün əməliyyata hazırlaşdığını yazıb

ABŞ-də Kubaya qarşı mümkün hərbi əməliyyat üçün gizli hərbi hazırlıqların başladığı bildirilir. Bu hazırlıqlar Pentaqonun rəhbərliyi altında aparılır və prezident Donald Tramp müvafiq əmr verəcəyi təqdirdə həyata keçirilə bilər.

Sherg.az xəbər verir ki, bu barədə 15 aprel tarixində "USA Today" qəzeti iki mənbəyə istinadən məlumat yayıb.

“Pentaqon bildirib ki, müxtəlif fövqəladə hallara dair planlar hazırlayır və prezidentin göstərişlərinə uyğun olaraq əmrləri yerinə yetirməyə hazırdır”, -deyə nəşrdə qeyd olunur.

Bildirilir ki, bu cür hazırlıqlar ABŞ ilə Kuba arasında münasibətlərin daha da gərginləşməsi kimi qiymətləndirilir. Münasibətlər 2026-cı ilin yanvarında adaya neft tədarükünə məhdudiyyətlər tətbiq edildikdən sonra əhəmiyyətli dərəcədə pisləşib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə həmin gün bildirib ki, Moskva heç kimin Kubaya müdaxilə etməsini, blokada tətbiq etməsini və ya başqa formada təzyiq göstərməsini istəmir. O, ABŞ-nin xarici siyasət məqsədlərini şərh etmədiyini, bu sualı isə ABŞ Prezidenti Donald Trampa yönəltdiyini deyib və Trampın “mətbuata çox açıq və izahlarında detallı” olduğunu bildirib.