ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni Pandemiya qaçılmazdır"

"Yeni respirator patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər".

Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni respirator patogenin ortaya çıxması ehtimalıdır. Bu isə öz növbəsində COVID-in yaratdığı nəticələrlə eyni nəticələrə səbəb ola bilər", - deyə o bildirib.

Qebreyesusun fikrincə, yeni pandemiyanın baş verməsi qaçılmazdır və bu, sadəcə zaman məsələsidir.

"Gələcək pandemiya "əgər" deyil, "nə zaman" məsələsidir", - deyə o vurğulayıb.

ÜST rəhbəri Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasının xəstəliyin istənilən yerdə və istənilən vaxt başlaya biləcəyini, təkcə yerli icmalar üçün deyil, həm də qonşu ölkələr və bütövlükdə dünya üçün təhlükə yarada biləcəyini xatırlatdığını qeyd edib.