Venesuelada birhəftəlik matəm elan edildi

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges iyunun 24-də ölkədə baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların xatirəsinə iyulun 1-dən 7-dək yeddigünlük milli matəm elan edib.

Oxu.Az xəbər verir ki, o, bununla bağlı "X" sosial şəbəkəsindəki hesabında açıqlama verib.

Rodriges qeyd edib ki, ölkə zəlzələlər nəticəsində yaranan insan itkiləri ilə bağlı dərin hüzn içindədir.

O, həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara tezliklə sağalmağı arzulayıb, itkin düşənlərin yaxınlarına və zərərçəkmiş icmalara dəstəyini ifadə edib.

Venesuelada yeraltı təkanlar iyunun 24-də axşam saatlarında baş verib. Təxminən 40 saniyə fərqlə 7.2-7.5 maqnitudalı iki ardıcıl zəlzələ seriyası qeydə alınıb. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib. Ən son rəsmi məlumatlara əsasən, fəlakət nəticəsində 1 943 nəfər həlak olub, 10 571 nəfər yaralanıb. 28 380 zərərçəkənə xəstəxanalarda və çöl düşərgələrində tibbi yardım göstərilir.