ABŞ Prezidentinin administrasiyası yaxın günlərdə Venesuelaya təzyiqin yeni mərhələsinə, o cümlədən gizli əməliyyatlara keçməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
"ABŞ Prezidenti Donald Trampın bu əməliyyatlara və ya onların miqyasına nə vaxt başlamaq qərarına gəldiyi dəqiq məlum deyil. Lakin əməliyyatların yaxın günlərdə başlayacağı gözlənilir. ABŞ Venesuela hakimiyyətinə təzyiqi artırmağa çalışır".
Agentlik mənbələri əlavə edib ki, gizli əməliyyatlar Venesuela prezidentinə qarşı yeni tədbirlərin ilk hissəsi olacaq. Eyni zamanda digər məsələlərlə yanaşı, Maduronu devirməyə cəhd ehtimalı da nəzərdən keçirilir.