Fevralın 26-da Cenevrədə planlaşdırılan görüş İranın ABŞ ilə razılığa gəlməsi üçün son şansdır, əks halda Vaşinqton genişmiqyaslı hərbi əməliyyata başlaya, birbaşa ölkənin Ali rəhbəri Əli Xameneini hədəfə ala bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, İran yaxın 48 saat ərzində konkret təklif təqdim edərsə, ABŞ nümayəndə heyəti cümə axşamı Cenevrədə danışıqların yeni raunduna hazırdır. O vurğulayıb ki, Donald Tramp administrasiyası Tehrandan məqbul təklif gözləyir.
Məlumata əsasən, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Prezident Donald Trampa hücum əmri verməzdən əvvəl diplomatiyaya şans verilməsini tövsiyə ediblər. Tehran tərəfindən məqbul təklif göndərilsə, Cenevrədə danışıqlar baş tutacaq.
ABŞ rəsmisi əlavə edib ki, tərəflər hərtərəfli nüvə sazişindən əvvəl mümkün müvəqqəti razılaşma barədə də danışıqlar apara bilərlər.