Xatəm əl-Ənbiya: İran Hörmüz boğazına nəzarəti davam etdirir

ABŞ Ordusu regionda mühasirə, piratlıq və dəniz qarətlərini davam etdirərsə, İran silahlı qüvvələrinin cavab reaksiyası ilə qarşılaşacaq.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahından bildirilib.

"ABŞ bilməlidir ki, İran silahlı qüvvələri suverenlik, ərazi və milli maraqları qorumaq üçün əvvəlkindən daha çox gücə və hazırlığa malikdir", - məlumatda bildirilib. Komandanlıqdan əlavə edilib ki, ABŞ və İsrailin regiondakı addımları izlənilir:

"Strateji Hörmüz boğazının idarəçiliyi və nəzarətini davam etdirərək, Amerika-İsrail hərbçilərinin təkrar müdaxiləsi halında onları daha ciddi itkilərə məruz qoymağa hazır və qətiyyətliyik".

Qeyd edək ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da ABŞ və İsrailə xəbərdarlıq bəyanatı yayıb.