Zaxarova: Britaniya qoşunlarının Ukraynaya yerləşdirilməsi münaqişəni yalnız uzadacaq

Britaniya qoşunlarının Ukraynaya yerləşdirilməsi münaqişəyə son qoymayacaq, əksinə onu uzadacaq və daha çox ölkəni əhatə edən genişmiqyaslı hərbi münaqişə riskini artıracaq.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib .

Onun sözlərinə görə, Ukraynaya hərbi müdaxilə halında, xarici qoşunların kontingenti Rusiya Federasiyası üçün qanuni hərbi hədəfə çevriləcək .

Diplomat həmçinin bildirib ki, Britaniya tərəfi Rusiya yaxınlığında qeyri-sabitlik ocağını qorumaqda fəal şəkildə maraqlıdır. O qeyd edib ki, London Ukrayna münaqişəsinin uzunmüddətli və davamlı həllinə mane olmaq üçün əlindən gələni edir: "Britaniya hər hansı bir həll prosesinin qarşısını almaq üçün sözün əsl mənasında əlindən gələni edir".

Fevralın 25-də Böyük Britaniyanın müdafiə naziri Con Heli hərbi əməliyyatların dayandırılmasından sonra Kral Hərbi Hava Qüvvələri və Kral Donanması heyətinin Ukraynaya yerləşdirilməyə başlandığını açıqlayıb. Heli hərbi qüvvələrin hava və dəniz təhlükəsizliyini, eləcə də Ukrayna Silahlı Qüvvələrinin gələcəkdə yenidən qurulmasını təmin edəcəyini bildirib.