Zelenski rusiyalı idmançılara sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski 10 rusiyalı idmançıya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisinin saytında dərc olunmuş sənəddə qeyd edilib.

Sanksiya siyahısına güləşçilər Yevgeni Baydusov və İmam Qanişov, boksçu Fyodor Çudinov, oxatan Svetlana Qomboyeva, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, sablyaçı Yana Yeqoryan, taekvondoçular Vladislav Larin (olimpiya və dünya çempionu) və Maksim Xramtsov, gimnast Angelina Melnikova, eləcə də cüdoçu Madina Taymazova daxil edilib.

Kiyevin tətbiq etdiyi sanksiyalar Ukrayna ərazisində aktivlərin dondurulmasını, lisenziyaların və rəsmi səfərlərin ləğvini, intellektual mülkiyyət obyektlərinin ötürülməsinə qadağanı, həmçinin ticarət razılaşmalarının, mədəni mübadilələrin və elmi əməkdaşlığın dayandırılmasını nəzərdə tutur. Bundan başqa, idmançılar Ukraynanın bütün dövlət mükafatlarından məhrum edilirlər.