Zelenski: Tramp və Cinpin istəsə, Putin müharibəni dayandırar, amma istəmirlər

“ABŞ və Çin Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün kifayət qədər təsir imkanlarına malikdir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News” telekanalına müsahibəsində deyib.

Dövlət başçısının fikrincə, bu iki ölkənin Rusiya Prezidenti Vladimir Putini hətta bir görüşlə müharibəni dayandırmağa vadar etmək üçün kifayət qədər təsir gücü var:

“Əgər Çin və ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq etsələr və ya bunu edəcəklərini bəyan etsələr, Rusiya ilə bu ölkələr arasında ixrac-idxalı dayandırsalar, müharibə bitər”.

Zelenski qeyd edib ki, qlobal sabitlik böyük dövlətlərin mövqeyindən asılıdır. Onun sözlərinə görə, əgər bu dövlətlər Putini dayandırmırlarsa, deməli, bunda maraqlı deyillər.

Bundan əlavə, Ukrayna Prezidenti böyük dövlətlərin kiçik ölkələrin iştirakı olmadan onların gələcəyini müəyyənləşdirməyə çalışmasını “ciddi səhv” adlandırıb. O vurğulayıb ki, əgər Tramp, Cinpin və Putin Ukrayna ilə bağlı qərarları Kiyevin iştirakı olmadan müzakirə etsə, bu, sadəcə söhbət olaraq qalacaq.

Volodimir Zelenski əlavə edib ki, sülhə doğru istənilən irəliləyiş yalnız döyüş meydanında atəşkəsin əldə olunması şərtilə mümkündür: “Amma Kremlin xüsusilə mülki əhaliyə və xilasedicilərə təkrarlanan zərbələri Putinin daha çevik mövqe tutmadığını göstərir. Bu isə ABŞ nümayəndələrinin onun mövqeyinin yumşaldığı barədə bəyanatları ilə ziddiyyət təşkil edir. Putin Ukraynanın kapitulyasiyasını nəzərdə tutan uzunmüddətli məqsədindən əl çəkməyib”.