Bakıda havanın temperaturu kəskin qalxmayıb, iqlim normasına yaxındır - EKOLOQ

  • Lakin ağacların, yaşıllığın az olması güclü istilər effekti yaradır, nəfəsalmanı çətinləşdirir

Avropa və Uzaq Şərqdə kəskin istilər davam edir. Hətta Yaponiya Meteorologiya Agentliyi ölkə üzrə 41 prefekturada kəskin istilər və günvurma təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq elan edib. Hava temperaturunun 40°C-ni keçməsi səbəbindən ölkədə ilk dəfə olaraq "amansız isti gün" - kokuşobi xəbərdarlığı verilib.

Ölkəmizdə yay fəslinin isti günləri başlayır. Son 3-4 gündür Azərbaycanda da kəskin olmasa da, əvvəlki günlərə, xüsusən iyun ayına nisbətən havanın temperaturunun yüksəldiyi hiss olunur. Hazırda ölkə ərazisində havanın temperaturu ərazilərə görə 33-36 dərəcə aralığındadır. Bakıda və Abşeron yarımadasında hazırda 34 dərəcə isti var. Bir sıra ölkələrdə kəskin istilər qlobal iqlim dəyişmələri ilə izah olunur. 

Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında Avropanın hazırda qlobal hava axınlarının təsiri altında olduğunu dedi: 

- Afrikadan gələn tropik hava kütlələri orada istilik qüvvəsi əmələ gətirib. İstilik qüvvəsi çox güclü antisiklon deməkdir. Antisiklon əmələ gələndə havanın yuxarıdan və aşağıya doğru hərəkəti baş verir. Bu zaman dəniz və okeanlardan buxarlanan su atmosferin yuxarı təbəqələrinə çatıb orada buludlar əmələ gətirə bilmir. Nəticədə bu, həm uzunmüddətli istilər, həm də quraqlıqla müşayət olunur. Həm kənd təsərrüfatına mənfi təsir edir, həm də şəhərlərdə həyat səviyyəsini ağırlaşdırır. Şəhərlərdə istilik adaları əmələ gətirir. İstilik adaları nədir, yəni şəhərin ayrı-ayrı hissələrində hava kəskin qızır. Bu isə yaşlı, xəstə adamlara çətinlik yaradır. 

Ekoloq bildirdi ki, Bakıda havanın temperaturu kəskin qalxmayıb, demək olar iqlim normasına yaxındır. Lakin ağacların, yaşıllığın az olması güclü istilər effekti yaradır, nəfəsalmanı çətinləşdirir: 

- Ona görə də şəhərlərdə ağacların, kölgəliklərin çox olmasına, yaşıllıq zonalarının salınmasına çalışmaq lazımdır.