İnsan gündə 3 litr su içir, amma 300 litr sərf edir - Ekoloq israfın miqyasını açıqladı

  • Qlobal istiləşmənin səbəbi kosmos deyil, insandır
  • Dünyanı gözləyən təhlükə təkcə qlobal istiləşmə deyil

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, mövcud iqlim siyasətləri davam edərsə, qlobal istiləşmənin sənayeləşmədən əvvəlki səviyyə ilə müqayisədə 2,8 dərəcə Selsiyə çatacağı gözlənilir. Bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin iqtisadi məsələlər üzrə məsləhətçisi Xurşid Rüstəmov “9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu” tədbiri zamanı “NDC 3.0-a doğru: Qlobal İqlim Fəaliyyəti” mövzusunda təqdimatında bildirib.

Onun sözlərinə görə, qəbul edilmiş 155 ölkənin yeni NDC-ləri tam həyata keçirilərsə, dünya emissiyaların azaldılmasına və qlobal istiləşmənin 2.3 - 2.5 dərəcə Selsiyə endirilməsinə nail olacaq: “Lakin bu, Paris Sazişinin məqsədinə çatmaq üçün kifayət deyil, çünki Sazişin məqsədi istiləşməni 1.5 dərəcə Selsidə məhdudlaşdırmaqdır”.

Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, bu cür həyəcanlı çağırışlar zaman-zaman səslənir. Lakin Yer planetində - Yer kürəsinin hərəkətində, dinamikasında əsaslı bir dəyişiklik baş verməyib. Günəşin, Ayın uzaqlaşmasını çıxmaq şərtilə: 

- İstər buxarlanma, istər yağıntılarla bağlı, Yerin öz oxu ətrafında fırlanma rejimində və planetar hərəkət dinamikasında iqlimi kəskin şəkildə dəyişə biləcək hər hansı təbii pozuntu yoxdur. Hazırkı qlobal istiləşmə birbaşa olaraq antropogen, yəni insan mənşəli amillərlə bağlıdır. Baxın, təbii şəraitdə Yerin oxunun bucağı dəyişir, amma bu, on minlərlə il çəkir. Hazırkı istiləşmə isə 100-150 ildə baş verib. Bu səbəbdən qısa zaman kəsiyində kosmik dinamikada hər hansı əsaslı, anomal dəyişikliklərin baş verdiyini söyləmək doğru olmaz. İqlim əmələ gətirən amillərdə qlobal dəyişiklik yoxdur. Müəyyən dövrdən sonra əks proseslər gedə bilər və ya əksinə, ola bilər dəyişməz qalar. Amma əhali artımı planedə özünü göstərir. Bu cür çağırışlar da əhali artımı ilə bağlıdır. Əhali sayı artdıqca ehtiyatlar azalır. Əhalnini artımı təbiətə müəyyən təsir göstərir. Sənaye artımı da təsir göstərir. Hələlik bəzi ölkələrdə iqlimin soyuqlaşması, sel-su, bəzilərində istilik artıb. Burada da dövrilik qanunu özünü göstərəcək. Heç kim deyə bilməz ki meteoroloji stansiyalar burda necə işləyir, havada istilik nə qədər artıb. Amma əhali artımının təsiri ciddi hiss olunur. Və bu özünü içməli su ehtiyatlarının azalmasında da göstərir. Bir insan gün ərzində nə qədər su işlədir? Bir var içməli su, bir də var məişətdə istifadə edilən su. İnsanın gündəlik su ehtiyacı onun bədən çəkisinə, cinsinə və aktivlik səviyyəsinə görə dəyişir. Yetkin bir insanın gün ərzində ehtiyac duyduğu ümumi maye miqdarı 2-3 litrdir. Bu, içdiyimiz su və qidalardan aldığınız mayenin miqdarıdır. Məişət ehtiyacı isə orta hesabla 150–300, bəzən 400 litrdir. Təsəvvür edin ki, bir insanın bioloji su ehtiyacı onun məişətdə işlətdiyi ümumi suyun cəmi 1%-ni təşkil edir. Qalan 99%-i biz bədənimizin daxilinə ötürmürük, sadəcə xarici ehtiyaclarımız üçün istifadə edirik. BMT-yə görə, su qıtlığı olan bölgələrdə bir insanın sadəcə sağ qalması və xəstəliklərdən qorunması üçün günlük minimum limit 50 litrdir, bunun 3 litri içmək, qalanı minimal miqdar gigiyena üçündür. Əgər bir bölgədə adambaşına düşən su bundan aşağıdırsa, orada humanitar fəlakət elan olunur. Beynəlxalq təşkilatların bir insanın yaşaması üçün təyin etdiyi minimal gündəlik ehtiyac həddi 50 litrdir. Azərbaycanda isə həm rəsmi normalar, həm də faktiki real istehlak bu göstəricidən qat-qat yüksəkdir. Təxminən 300 litrdən bir qədər çoxdur. Biz suyu çox işlədirik. Su ehtiyatlarımızı qorumalıyıq, israf etməməliyik.