Sanitar-Epidemioloji Stansiya öz vəzifəsini icra etmir - Çəyirtkələr, bit-birə sakinləri bezdirib

  • SES bölmələri isə hərəkətə keçmir, heç bir iş görmürlər. Gözləyrlər ki, xəstəlik yayılsın, sonra işə başlasınlar?

Paytaxtda ağacları qurd basdığı barədə məlumat vermişdik. Məlum olur ki, problem təkcə bu deyilmiş. Xəzəryanı bölgələrdə və Sumqayıtda çəyirtkələr, hətta bit-birə də çoxalıb.

Bu haqda məlumatlar sosial şəbəkələrdə paylaşılır. Bit-birənin əsasən binaların zirzəmisinə dolduğu deyilir. Çəyirtkələrin artması yaz aylarında yağıntının normadan artıq düşməsi, bit-birənin çoxalması isə yaşayış binalarının zirzəmisində sanita-gigiyenik tədbirlərin aparılmamasıyla əlaqələndirlir.  

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında bildirdi ki, təmizlik, dezinfeksiya işləri ilə sanitar epidemioloji stansiyalar məşğul olmalıdır:

- Ölkəmizdə SES deyilən bir qurum var – Sanitar Epidiomoloji Stansiyalar. Hər rayonda da bölmələri var. Onların saxlanılması üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Bu, Səhiyyə Nazirliyinin bir strukturudur. Sanitar-Epidemioloji Stansiyanın əsas vəzifəsi insanların sağlamlığını qorumaq üçün sanitariya-gigiyena və epidemioloji təhlükəsizliyi təmin etməkdir. Amma bu qurum öz vəzifəsini icra etmir. Bu işi bələdiyyələrin üzərinə atırlar. Çəyirtkələr, bit-birə sakinləri bezdirib, SES bölmələri isə hərəkətə keçmir, heç bir iş görmürlər. Gözləyrlər ki, xəstəlik yayılsın, sonra işə başlasınlar? Binaların zirzəmiləri, həyətlər dezinfeksiya olunmalı, natəmizlik aradan qaldırılmalıdır ki həşəratların yayılmasını qarşısı alınsın. SES-lər işlərinin öhdəsindən gələ bilmirlərsə, işdən ayrılıb getsinlər, qoy bacarıqlı insanlar gəlib problemi həll etsinlər. Belə olmaz. Səhiyyə nazirliyi hara baxır, nə işlə məşğuldur? Ən maraqlısı da budur ki, özləri sağlamlıqlarını özlərinə etibar etmirlər. Daha onlardan başqaları nə gözləyə bilər?