
Xəzərdə suitilərin kütləvi ölümü artıb -AÇIQLAMA
Əsas səbəblərdən biri Xəzərin sənaye tullantıları, neft sızıntıları, kimyəvi maddələr və plastik tullantılarla çirklənməsidir
Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb. Məlumata görə, cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub. Ərazidə üfunətli qoxu hiss olunur. Suitilərin cəsədləri bir neçə gündür sahildə qalsa da, hələlik məsul qurumlar tərəfindən ərazidə heç bir təmizləmə və ya araşdırma aparılmayıb. Suitilərin kütləvi ölümü bundan əvvəl 2022-ci ildə Xəzərin Dağıstan sahillərində qeydə alınmışdı. Son illərdə Xəzər dənizinin müxtəlif sahillərində analoji hallar dəfələrlə qeydə alınıb. Mütəxəssislər bu hadisələri dəniz suyunun çirklənməsi, iqlim dəyişiklikləri, eləcə də suitilərin qida zəncirinə daxil olan toksinlərin artması ilə əlaqələndirirlər.
Ekoloq Ənvər Əliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, dənizin böyük canlılarına aid olan suitilər (fok balıqları) istirahət etmək, günəş şüası qəbul etmək, qidalanmaq, nəsil artırmaq üçün sahilə çıxırlar:

- Onlar hər hansı təhlükə yaranarsa, cəld suya baş vursunlar deyə, sahilə yaxın yerləri, qidalanmaq üçünsə, çay kənarları və ya qayalıq əraziləri seçirlər. Suitilər təbii ki, özlərini suda daha rahat və təhlükəsiz hiss edir, quruda hərəkətlilikləri azalır, çox ləng hərəkət edirlər. Ona görə də sahildən çox da uzaqlaşmırlar ki, lazım olduqda tez dənizə baş vursunlar. Suitilər əsasən kiçik kilkə balıqları ilə qidalanır. İnsanların olmadığı yerlərə üstünlük verirlər. Sadəcə, suitilərin də, bəzi digər canlılar kimi yaşam sahələri daraldığı üçün, həm də ekoloji çirklənmələr səbəbindən insan yaşayış məskənlərinə yaxın sahillərdə görünə bilirlər.
Ə.Əliyev Xəzər dənizinin çirklənmə səviyyəsinin artmasının dəniz canlılarına mənfi təsir etdiyini, suitilərin sayının ötən illərə nisbətən xeyli azaldığını da bildirdi.
-Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında yer alan məlumatda isə qeyd edilir ki, Xəzərə daxil olan tullantı sularının 60 faizi Volqa çayının payına düşür. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Ermənistan və Gürcüstan ərazisində formalaşan kommunal və sənaye tullantı suları Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt və Ənzəli şəhərlərindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab edilir. Ekoloji problemin səbəbləri dənizdə karbohidrogen ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi, sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi, məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və s. ilə bağlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128 axar qeydə alınıb.
Bu məlumat təsdiq edir ki, Xəzər dənizi çirklilik baxımından ciddi problem yaşayır və çirkliliyin əsas mənbələri sənaye və məişət tullantıları, neft-qaz sənayesinin fəaliyyəti və kənd təsərrüfatı sahəsindən daxil olan axınlardır. Sahilboyu yerləşən şəhərlərdən və sənaye müəssisələrindən axıdılan çirkab suları dənizə böyük miqdarda tullantı axıdır. Dənizdə neft hasilatı və daşınması zamanı baş verən qəzalar və texnoloji tullantılar dəniz ekosisteminə ziyan vurur. Kənd təsərrüfatı sahələrindən axan sularla dənizə çöküntülər, pestisidlər və gübrələr daxil olur. Gəmiçilik və su nəqliyyatı da dənizin çirklənməsinə töhfə verir. Bu amillər dənizdə yaşayan canlıların, o cümlədən balıqların, kürüdən çıxmış balıqların və digər dəniz orqanizmlərinin sayını azaldır. Xəzərdə suitilərin kütləvi ölümünün səbəblərinə gəlincə, mütəxəssislər hesab edir ki, əsas səbəblərdən biri Xəzərin sənaye tullantıları, neft sızıntıları, kimyəvi maddələr və plastik tullantılarla çirklənməsidir. Bu çirkləndiricilər suyun keyfiyyətini pisləşdirir və suitilərin sağlamlığına ciddi zərər vurur. Ekoloji çirklənmə həmçinin dəniz canlılarının qida mənbələrinin azalmasına gətirib çıxarıb. Son illərdə Xəzərdə kilkə balıqlarının sayının azalması suitiləri qida mənbəyindən məhrum edib. Qlobal iqlim dəyişikliyi də dəniz canlılarının kütləvi ölümünü artırır. Dəniz canlıları adətən soyuq sularda üzür. İqlim dəyişikliyi dəniz suyunun temperaturunu artırdığından belə bir şərait suitilərin yaşaması üçün əlverişsizdir. Dənizə axıdılan müxtəlif mənbəli çirkab suları dənizin təbii florasının pozur, suyun tərkibində bakteriyalar artır, bu isə dənizdəki kiçik canlılarla qidalanan irihəcmli canlıların zəhərlənməsinə və zəifləməsinə səbəb olur. Nəticədə kütləvi ölüm halları baş verir.