“Bacarıqlı qadın həyat yoldaşını manipulyasiya etməlidir” yanaşması yanlış və qeyri-ciddidir"
Boşanmaların sayı artdıqca, səbəblər haqqında daha çox danışılır və maraqlı burasıdır ki “sosioloq”, “psixoloq”luq edənlər fərdi yanaşmalarını ortaya qoyaraq səbəbləri artırırlar. Özünü ailə psixoloqu adlandıran birisi deyir ki, boşanmaların əsas səbəbkarı qadınlardır, çünki onlar kişiləri – yəni həyat yoldşaını manipulyasiya edə bimir.
Manipulyasiya etsə, boşanma olmayacaq, həyat yoldaşı qadının sözü ilə oturub-duracaq, ailədə əsas söz sahibi qadın olacaq. Oh, nə gözəl! Həyat varmış!
Bu cür diletant mövqelərdir bəlkə də boşanmaların sayının artmasına səbəb olan.
Sosioloq Naib Niftəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, manipulyasiya insanların düşüncələrinə, hisslərinə və ya davranışlarına gizli, aldadıcı və ya təzyiq yolu ilə təsir göstərərək, onları öz maraqlarına uyğun şəkildə idarə etmək prosesidir. Bu, qarşı tərəfi manipulyatorun istədiyi istiqamətdə hərəkət etməyə məcbur edən, çox vaxt günahkarlıq və ya qorxu hissi yaradan qeyri-dürüst bir üsuldur:
- Yəni, belə çıxır ki qadınlarımız manipulyator olmağa sövq edilir, onlara ailə daxilində manipulyator olmağın yolları öyrədilir. Bu vəziyyətdə ailədə hansı möhkəmlikdən, səmimiyyət, ülviyyətdən danışmaq olar? Bir zamanlar boşanmaların əsas səbəbi kimi kişilərin məsuliyyətsiz davranışı hesab edilirdi. Amma əsas səbəb nə kişilərin məsuliyyətsiz davranışı, nə də qadınların manipulyasiya etməsidir. “Bacarıqlı qadın həyat yoldaşını manipulyasiya etməlidir” yanaşması yanlış və qeyri-ciddidir. Qadın kifayət qədər bacarıqlı, savadlı, təhsilli, mərifətli, ədəb-ərkanlı ola bilər, amma həyat yoldaşını manipulyasiya edə bilməz və ya buna gücü çatmaz, hansısa səbəbdən idarə edə bilməz. Bu, təbii ki qeyri-ciddi münasibətin göstəricisidir. Ən böyük yanlışlıq ailədə istər kişinin, istərsə də qadının bir-birilərini idarə etməyə çalışmasıdır. İdarəetmədə ailədə birgəlik olmalı, münasibətlər qarşılıqlı hörmət çərçivəsində qurulmalıdır. Ailə o zaman möhkəm olur ki birgə hərəkət edilir, məsələlər birgə aydınlaşdırılır, bərabərlik, qarşılıqlı anlaşma var. Ailədə fərdlərin hərəsinin öz sözü, öz nüfuzu olmalıdır. Ailə belə tamamlanır. Ailədə kişinin idarəçi rolundan köməkçi roluna keçirilməsi və idarə olunan obyekt olaraq götürülməsi ailə strukturunu dağıdan yanaşmadır. Necə yəni, kişini manipulyasiya etməlisən?!. Bəzi hallarda kimlər üçünsə, bu, mümkün ola bilər, amma düzgün yanaşma deyil. Qadınlar azad olduğu qədər, kişilər də azad olmalıdır. Amma azadlıq insanın məsuliyyətinə bağlıdır. Hər bir halda, hər bir situasiyada öz yerini bilən kişi və ya qadına ailədə də, cəmiyyətdə də münasibət ciddi olur, onlar qınağa tuş gəlmirlər. Ailə həyatı, güzəranı yerində olur. İstisnalar həmişə var. Lakin istisnalar təbii qaydaları poza bilməz.
Sosioloq qeyd etdi ki, “kişi idarə olunmalıdır” yanaşması doğru deyil:
- Hətta feminizm də bunu inkar edir. İfrat feminizm yox, normal feminizm. Normal feminizm ailənin ənənələrə söykənməsini qəbul edir. Boşanmaların təşəbbüskarı qadın ola bilər. Çünki kişilər də süddən çıxmış ağ qaşıq deyillər. Elə kişilər var, dəfələrlə boşanır, yenidən ailə qurur və buna normal baxırlar. Bəzən xəyanətə görə boşandıqlarını deyirlər. Amma özləri xəyanət edirlər. Burada sosial məsuliyyət, ailə məsuliyyəti əsasdır. Etikadan kənar davranışlar, kişilərin çoxsaylı qadın dostlarınını olması ailə mühitinə sirayət edirsə, yaxn ünsiyyət, bu cür dostluqların ailəyə yaxın məsafədə olması boşanmalara gətirib çıxarır. Bu, fizioloji, sosial-psixoloji faktorlardan biridir. Sosial-iqtisadi motivlər də əsasdır. Bəzən qadınlar da ailənin güzəranını qurmaq üçün çoxlu sosial əlaqələrə daxil olurlar. Bu da ailə dəyərlərinə mənfi təsir edir. Boşanmaların səbəbləri real şəkildə və konkret hədəflər üzərindən öyrənilməlidir.