Nəticələr göstərir ki, Xəzər dənizinin kiçilməsinə həm insan fəaliyyəti, həm də iqlim dəyişmələri təsir edir
Xəzər dənizinin səviyyəsinin azalma səbəbləri məlum olub. Səbəblər, əslində məlum idi, amma bu dəfə elmi tədqiqat nəticəsində daha dəqiq analiz ortaya qoyulub.
Bu barədə “Sherg.az” ekoloq-hidroloq Rövşən Abbasovdan məlumat alıb. R.Abbasov bildirib ki, Xəzər dənizinin kiçilməsi ilə bağlı apardıqları tədqiqatın nəticələri ilə bağlı məqalə hazırlanıb və Amerika Geofizika İttifaqı (AGU) tərəfindən nəşr olunan "Earth’s Future journal" - "Yerin Gələcəyi jurnalı"nda dərc olunub. 
R.Abbasov qeyd edib ki, Peyk müşahidələri, hidroloji məlumatlar və reanaliz verilənləri ( reanaliz meteoroloji və iqlim elmində istifadə olunan elmi üsuldur. Bu üsul keçmişdəki hava və iqlim hadisələrinin vəziyyətini mümkün qədər dəqiq və ardıcıl şəkildə bərpa etmək üçün istifadə edilir. Bu proses keçmişdəki real hava müşahidələrini peyk, şarlar, gəmilər və stansiyalardan alınan məlumatları müasir fiziki iqlim modelləri ilə birləşdirir. Nəticədə onilliklər ərzində atmosferin necə dəyişdiyini göstərən qüsursuz və tam bir məlumat bazası yaradılır) əsasında aparılan tədqiqatların nəticəsi Xəzərin səviyyəsinin azalma səbəblərini dəqiq üzə çıxarır:
- Apardığımız tədqiqat göstərir ki, Xəzərə daxil olan ümumi çay axını, əsasən Volqa çayının sərfinin azalması səbəbindən əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, hövzə üzrə yağıntılar nisbətən sabit qalsa da, dəniz üzərində buxarlanma müəyyən qədər artıb. Nəticələr göstərir ki, Xəzər dənizinin kiçilməsinə həm insan fəaliyyəti, həm də iqlim dəyişmələri təsir edir. Bundan əlavə, Şimali Xəzərdə xlorofil-a konsentrasiyasının artması ekoloji stressin gücləndiyini göstərir. Tədqiqatın nəticələri su ehtiyatlarının daha səmərəli idarə olunması, ekosistemlərin dayanıqlığının artırılması və gələcək ekoloji-sosial risklərin qarşısının alınması üçün regional əməkdaşlığın vacibliyini vurğulayır.