Əfşar Süleymani: İrana Azərbaycandan, Azərbaycana isə İrandan yaxın dövlət yoxdur
Məsud Pezeşkianın prezidentliyi dönəmində Tehran və Bakı əlaqələrinə böyük töhfələr verməsi mümkündür
İran İslam Respublikasının Prezidenti Məsud Pəzeşkiyanın 28 aprel 2025-ci il tarixində Azərbaycana etdiyi rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Prezident Pəzeşkiyanın 120 nəfərlik nümayəndə heyəti ilə birgə həyata keçirdiyi bu səfər çərçivəsində iqtisadi əməkdaşlıq, infrastruktur layihələri və nəqliyyat sahəsində yeni razılaşmaların əldə olunması diqqət mərkəzində olub. Səfər zamanı Prezident Pəzeşkiyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə, tərəflər ölkələrarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılması istiqamətində qarşılıqlı iradələrini ifadə ediblər. Prezident Əliyev, Azərbaycan-İran dövlətlərarası münasibətlərinin inkişaf etdirilməsinin əsas məqsəd olduğunu vurğulayıb. Prezident Pəzeşkiyan isə İranın Azərbaycanla əldə olunmuş razılaşmaların icrasına sadiq olduğunu və bu istiqamətdə qarşıya çıxan maneələrin aradan qaldırılması üçün qətiyyətli addımlar atacağını bildirib.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini bir neçə prizmadan yanaşmaq mümkündür:
“Fikrimcə, Azərbaycana gələn İran prezidentləri arasında ən önəmlisi sayıla bilər. Belə həssas bir dövrdə səfərin baş tutması da maraqlı hadisədir. Azərbaycan öz torpaqlarını işğal etdikdən sonra bəzi məsələlər ortaya çıxmışdı və İranla əlaqələrdə müəyyən problemlər yaşanmışdı. Sözügedən səfərin iki ölkə əlaqələrində dönüş nöqtəsinin başlanğıcı olacağını güman edirəm. Ümumiyyətlə, ölkələr arasında problemlər aydınlaşdırılmadan həllinə də nail oluna bilməz. Son zamanlar Azərbaycan və İran arasında müəyyən məsələlər gündəmə çıxıb. Buna görə də Azərbaycan və İran arasında qarşılıqlı inam çox zəifdir. Məsud Pezeşkianın prezidentliyi dönəmində Tehran və Bakı əlaqələrinə böyük töhfələr verməsi mümkündür. Bu səfərdən sonra danışıqlar əməli səviyyəyə qalxmalıdır ki, iki ölkə arasında qarşılıqlı inam yenidən yaransın. Bundan sonra müxtəlif sahələrdə əlaqələr inkişaf dərinləşməyə doğru gedər. Ona görə də Məsud Pezeşkianın prezidentliyi dönəmini qənimət kimi görmək lazımdır. Eyni zamanda tərəflərin biri-birindən olan istəkləri də hər iki ölkə tərəfindən yerinə yetirilməlidir. İnamın artması əməkdaşlığın genişlənməsi, əməkdaşlığın güclənməsi isə regioan ölkələrinə və xalqlarına xeyir gətirər. Hazırda iki ölkə arasında əlaqələr yüksək olmasa da, reallıq onu göstərir ki, İrana Azərbaycandan, Azərbaycana isə İrandan yaxın dövlət yoxdur”.