"Fənərbağça" ulduz futbolçu ilə güclənəcək

Türkiyənin "Fənərbağça" klubu qış transfer pəncərəsində heyətinə yeni hücumçu cəlb etmək niyyətindədir.

Teleqraf Almaniya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin bu mövqe üçün əsas hədəfi İspaniyanın "Atletiko Madrid" komandasının futbolçusu Aleksander Sörlotdur.

"Sarı-lacivərdlilər" artıq norveçli forvardın nümayəndələri ilə ilkin razılığı əldə edib.

La Liqa təmsilçisi Sörlotu satmağa müsbət yanaşır. Tərəflərin yaxın müddətdə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Aleksander Sörlot cari mövsüm ərzində iştirak etdiyi 24 oyunda 5 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, daha əvvəl Türkiyədə "Trabzonspor"un (2019-2020) şərəfini qoruyub.