- Bir vaxtlar tələbə kimi gəldiyim redaksiyada həyatımın ən unudulmaz səhifələri yazıldı
- Bəzi ünvanlar insanın yaddaşında deyil, ömründə qalır
Haradasa üç il əvvəl idi... Adını dəfələrlə eşitdiyim, haqqında çox danışılan, amma hələ görmədiyim bir yerə gedirdim. İti addımlarla qarşımızda irəliləyən müəllimimiz yolboyu tələbəlik illərinin böyük bir hissəsinin məhz burada keçdiyini danışırdı. Onun söhbətlərindən hiss olunurdu ki, həmin məkanın yaddaşında xüsusi yeri var. Biz isə maraq və bir qədər də həyəcanla onu dinləyirdik.
Nəhayət, üzərində "Azərbaycan Nəşriyyatı" yazılan binanın qarşısında dayandıq. Deməli, "Şərq" burada yerləşirmiş...
İçəri daxil olanda özümü sanki bir redaksiyada deyil, Azərbaycan mətbuatının tarixinə açılan qapının astanasında hiss etdim. Hər tərəfdə mətbuat fədailərinin fotoları, onların xatirəsini yaşadan əşyalar, müxtəlif dövrlərə aid arxiv materialları... Elə bil keçmişlə bu gün eyni məkanda görüşmüşdü. Hər eksponatın, hər şəklin arxasında ayrıca bir tarix, bir ömür, bir mübarizə dayanırdı.
Bizi baş redaktor Akif Aşırlı qarşıladı. Müəllimimiz gəlməzdən əvvəl dönə-dönə tapşırmışdı: "Nəbadə, onun yanında səhv bir söz deyəsiniz. Zəhmli adamdır, özü də mətbuatı çox yaxşı bilir".
Mən də özümə söz vermişdim ki, sakit dayanacağam, çox danışmayacağam. Amma Akif müəllim mətbuat tarixindən, Həsən bəy Zərdabidən, "Əkinçi"dən danışmağa başlayanda söhbətə qoşulmaq istədim. Elə bu həvəslə də bir söz demək istədim, ancaq çaşıb Zərdabi əvəzinə Axundov dedim. Bir də gördüm ki, müəllimim qapının arxasından mənə "səhv danışırsan" deyən baxışlarla baxır. O an ürəyimdə şükür etdim ki, nə yaxşı, Akif müəllim eşitmədi.
Amma etiraf edim ki, Akif müəllimin ilk təəssüratımda yaratdığı o "zəhmli adam" obrazı çox keçmədən dağıldı. Çünki o, bizə o qədər səmimi münasibət göstərir, həvəslə danışır, kitablar hədiyyə edir, mətbuat tarixindən elə maraqla söz açırdı ki, qarşımda zəhmli bir insan deyil, öz işinə, peşəsinə və tarixə böyük sevgi ilə bağlı olan birini görürdüm.
Sonra bizi kollektivlə tanış etdi: Yusif müəllim, Fazilə xanım, Məlahət xanım, İsmayıl bəy, Şəymən xanım, Nihat, Elmar, Fidan, Şahanə... Hər kəs qəzetçilikdən danışır, gördüyü işi izah edir, öz təcrübəsini bizimlə bölüşürdü. Həmin gün bəlkə də sadəcə bir redaksiya ilə tanış olduğumu düşünürdüm. Amma bu tanışlıq illər sonra mənim üçün böyük bir ailənin başlanğıcına çevriləcəkdi.
Bir neçə ay sonra həmin redaksiyada çalışan tələbə yoldaşımla birlikdə mən də "Şərq"in YouTube kanalında fəaliyyətə başladım. Neçə-neçə süjet və reportaj hazırladıq... Peşəkar fəaliyyətimin bir çox "ilk"i məhz burada yaşandı. İlk maaşımı "Şərq"dən aldım. İlk xarici müsahibimlə "Şərq"də danışdım. İlk müsahibəmi də bizi bu redaksiya ilə tanış edən müəllimimin köməyi ilə hazırlayıb "Şərq" qəzetində dərc etdirdim.
Beləcə, bir vaxtlar qapısından ehtiyatla içəri girdiyim redaksiya gündəlik həyatımın, xatirələrimin və peşəkar yolumun ayrılmaz hissəsinə çevrildi.
Bu hadisələrdən artıq üç ilə yaxın vaxt keçir. Kiminə görə az, kiminə görə kifayət qədər uzun müddətdir. Mənim üçün isə çox şey öyrəndiyim, dəyişdiyim, bəzən səhv etdiyim, bəzən sevindiyim, bəzən də çətinliklərdən keçdiyim bir zaman kəsiyidir.
Bu müddətdə çox şey dəyişdi. "Şərq" artıq Azərbaycan Nəşriyyatının binasında deyil, Beynəlxalq Mətbuat Mərkəzində fəaliyyət göstərir. Bir vaxtlar eyni redaksiyada çiyin-çiyinə çalışdığımız həmkarlarımızın bəziləri başqa mətbu və media orqanlarında öz yollarına davam edirlər. Redaksiyanın divarları, iş şəraiti, gündəlik qayğıları, kollektivin tərkibi də dəyişib. Amma dəyişməyən bir şey var: "Şərq"ə olan inam və "Şərq"in bizə olan inamı.
İndi əvvəlki kimi böyük bir yemək süfrəsinin ətrafına toplaşmasaq da, bir-birimizə olan hörmətimiz, sevgimiz, bağlılığımız və gələcəyə inamımız əvvəlkindən də qat-qat böyükdür.
Bir də Akif müəllimin təsis etdiyi, "Şərq"lə sanki birgə addımlayan Mətbuat Muzeyi var. Onun haqqında danışmadan bu xatirələri tamamlamaq mümkün deyil. Hər dəfə muzey haqqında düşünəndə sevinirəm ki, Azərbaycan mətbuatının yaddaşı belə bir məkanda qorunur. Çünki mətbuat yalnız bu gün yazılan xəbərlərdən, dərc olunan məqalələrdən ibarət deyil. Onun arxasında böyük bir tarix, zəhmət, mübarizə və fədakarlıq dayanır. Bu tarix yaşadılmalıdır ki, gələcək nəsillər Azərbaycan mətbuatının necə yarandığını, jurnalistlər isə kimlərin davamçıları olduqlarını bilsinlər. Məncə, Mətbuat Muzeyinin ən böyük dəyəri də elə budur.
Bu illər ərzində "Şərq"in 28 yaşına da şahid oldum, 29 yaşına da. İndi isə onun 30 illik yubileyini qeyd edirəm. Hər dəfə bir məqam diqqətimi çəkib: İnsan iş yerindən ayrıldıqdan sonra çox vaxt həmin yerin ad gününü xatırlamır, bəzən heç təbrik də göndərmir. Amma "Şərq"çilər fərqlidir. Buradan ayrılanlar da, başqa ünvanlarda çalışanlar da "Şərq"in ad gününü unutmurlar. Hər yubileydə yenidən bir araya gəlir, zənglər edir, təbriklər göndərir, xatirələri bölüşür, yazılar yazırlar. Elə 30 illik yubileydə də belə oldu. Redaksiyaya gələn zənglər, bir-birinin ardınca səslənən təbriklər, ünvanlanan xoş sözlər bir daha göstərdi ki, "Şərq" yalnız orada çalışanların deyil, yolu bir dəfə də olsa bu redaksiyadan keçən hər kəsin yaddaşında özünə yer edib.
Hər kəs "Şərq"ə məktəb deyir, mən isə ona ailə deyirəm.
Çünki mənim "Şərq" xatirələrim yalnız öyrəndiyim peşəkar biliklərdən, hazırladığım süjetlərdən, yazdığım yazılardan ibarət deyil. Bu xatirələrin içində Akif Aşırlının "Banu balaca qızımızdır" deyərək məni əzizləməsi, bir ailə kimi süfrə başına toplaşmağımız, uzun-uzadı söhbətlərimiz, Yusif müəllimdən aldığım məsləhətlər, birlikdə səsləndirdiyimiz şeirlər, Rasim müəllimin hər dəfə "Banu qız, necəsən?" deyərək halımı soruşması, Fazilə xanımın hazırladığı yeməklər də var.
Nihatla aramızda olan kiçik mübahisələr, ondan aldığım məsləhətlər, gec göndərdiyim müsahibələrə görə "Ay Banu, mən bunu nə vaxt oxuyub sayta yerləşdirəcəyəm?" deyərək əsəbiləşməsi də bu xatirələrin bir parçasıdır. Yusif Sultanoğli ilə reportajlar üzərində yaşadığımız fikir ayrılıqları, İsmayıl bəylə və Şəymən xanımla məsləhətləşmələrim, Aybənizlə söhbətlərimiz, Məlahət xanımın, Elmarın, Fidanın və digər "Şərq"çilərin hər birinin mənə bəxş etdiyi ayrı-ayrı anlar...
Bəzən bir redaksiyanın ən böyük sərvəti onun arxivi, avadanlığı, yaxud çap etdiyi qəzet deyil. Ən böyük sərvəti orada çalışan, bir-birinin həyatında iz qoyan insanlardır. Mənim üçün "Şərq"in ən qiymətli tərəfi də məhz budur. Burada yalnız jurnalist kimi yetişmədim, həm də insanları tanıdım, münasibətlərin dəyərini anladım, həyatın və peşənin müxtəlif üzləri ilə qarşılaşdım. Öyrəndim ki, jurnalistika təkcə yazmaq, danışmaq, müsahibə almaq deyil. Bəzən dinləmək, səbir etmək, məsuliyyət daşımaq, səhvlərindən nəticə çıxarmaq və ən əsası, bütün çətinliklərə baxmayaraq, sevdiyin işə davam etməkdir.
Üç ilə yaxındır ki, "Şərq"in bir parçasıyam. Bu müddətdə redaksiyanın həm sevincli, həm də çətin günlərini gördüm. İnsanlar gəldi, insanlar getdi, ünvanlar dəyişdi, yeni xatirələr yarandı, yazıldı. Qəzet beşgünlük yayımdan həftədə bir dəfə nəşr olunmağa keçdi... Amma mənim üçün "Şərq"in mənası dəyişmədi. O, ilk dəfə qapısından ehtiyatla içəri girdiyim, sonradan özümü doğma hiss etdiyim, uğurlarıma sevindiyim, səhvlərimdən öyrəndiyim və hər zaman bir parçası olduğumu hiss etdiyim yerdir.
Bəlkə də illər sonra bu günləri xatırlayanda hər şey mənə uzaq bir xatirə kimi görünəcək. Amma əminəm ki, hansı ölkədə olsam da, harada çalışsam da, harada təhsil alsam da, "Şərq" Günəşinin bir zərrəsi həmişə mənimlə olacaq!
Yaxşı ki, yollarımız kəsişib, yaxşı ki, bu ailənin bir parçasıyam və mətbuat fədailəri ilə birgə çalışıram!
Ad günün mübarək, ailəm!